Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının birgə layihəsi çərçivəsində tədris, tələbə mübadiləsi və elmi fəaliyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.
“Estrada sənəti” kafedrasının müdiri, Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayevanın rəhbərliyi altında akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistrları kafedranın tələbələri ilə birgə konsertdə iştirak ediblər.
Konsertdə Miras Sabitov “Sarı gəlin” Azərbaycan xalq mahnısı, Tolqanay Pazılakın Qazaxıstan xalq mahnıları, IV kurs tələbəsi Kamran Əhmədov və Miras Sabitov “Gül açdı” xalq mahnısı, II kurs tələbələri Natiq Yusibov, Məlik Məmmədov, III kurs tələbəsi Məhəmməd Məmmədli və Pazılakın Tolqanay J.Kosma “Autumn leaves”, J.Mandel “The shadow of your smile”, Kamran Əhmədov və Tolqanay Pazılakın J.Herman “Hello, Dolly” mahnılarını ifa ediblər.
Tədbirdə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tələbələri təbrik edib, elmi-təcrübə zamanı onlara dərs keçən müəllimlərə təşəkkürünü bildirib. Sonda qazaxıstanlı tələbələrə xatirə hədiyyəsi verilib.
Xatırladaq ki, 9-20 aprel 2017-ci il tarixində Teatr sənəti fakültəsində Natalya Menşikova (xoreoqrafiya), Aydın Berdiyarova (xoreoqrafiya), Saya Bakıt (xoreoqrafiya), Daniya Batırxanova (xoreoqrafiya), Bayan Beketaeva (rejissor), Rəssamlıq fakültəsində Kseniya Omelçenko (təsviri sənət), Samal Mamitova (sənətşünaslıq), Talğat Əbdildayev (sənətşünaslıq), Musiqi sənəti fakültəsində Tolğanay Pazılakın (estrada sənəti), Miras Sabitov (estrada sənəti), Janqali Musayev (ənənvi musiqi sənəti), Kuanış Altıbayev (ənənvi musiqi sənəti) dissertasiya mövzusunda araşdırmalar aparıblar.
Tələbələrin Bakıya səfəri çərçivəsində elmi təcrübə ilə yanaşı gündəlik mədəni proqram da təşkil edilib. Onlar 10 gün ərzində Şəhidlər Xiyabanı, Şirvanşahlar Sarayı Kompleksi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Tarix Muzeyi, Bakı Müasir İncəsənət Muzeyi, Muzey Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğuna ziyarət edib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev sarayında, Azərbaycan Dövlət Filarmoniyası və ADMİU-da keçirilən konsert və tədbirlərdə iştirak ediblər.
Fotoların müəllifi: II kurs Xalq çalğı alətləri ifaçılığı ixtisasının tələbəsi Vasif Nəci.