Müasir dövrdə müstəqil Azərbaycan dövləti mədəniyyətə, mədəniyyət təhsilinə və onun beynəlxalq aləmə inteqrasiya etməsinə böyük əhəmiyyət verir. Milli mədəniyyətimizin dünya miqyasında tanınması dövlətimizin xarici siyasət sahəsindəki prioritetlərindən birini təşkil edir. Bu gün hər bir Ali məktəbin təhsil sistemindəki prestiji onun beynəlxalq əlaqələri, orada təhsil alan əcnəbi tələbərin sayı və onları təhsilə cəlb etmək imkanları ilə ölçülür. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti xarici ölkələrin Universitetləri ilə sıx əməkdaşlıq edir və eləcə də universitetlərarası tələbə və müəllim mübadiləsi etməklə gələcək nailiyyətlərin və inkişafın əsasını qoyur. ADMİU dünyanın müxtəlif Universitetlərinin nümayəndələri ilə əlaqələr yaradır, görüşlər keçirdir və bunların nəticəsində əməkdaşlıq müqavilələri imzalayaraq tələbə mübadiləsini təmin edir.
Bu görüşlərdən biri də Adnan Menderes Univerisitetinin əməkdaşları ilə baş tutmuşdur. ADMİU-nun Beynəlxalq Əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva Adnan Menderes Univerisitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlknur Kayak və Beynəlxalq mübadilələr üzrə kordinator Mustafa Süzmətaş ilə gerçəkləşən görüşdə ali məktəbin qədim və şərəfli tarixi, zəngin fəaliyyəti və əcnəbi tələbələrin qəbul qaydaları, onlara yaradılan şərait haqqında ətraflı məlumat verərək, Universitetin əcnəbi məzunlarının uğurlarından da danışdı. ADU-nun nümayəndələri öz növbələrində tələbələrin Azərbaycanda oxumaq arzularını bildirərək gələcək planlarından danışdılar, beynəlxalq mübadilənin şərtləri ətrafında müzakirələr edərək, gələcək əməkdaşlığın təməlini qoydular.