Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” adlı layihəyə start verilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Məhbarə Abbasovanın rəhbərliyi ilə layihədə Sənətşünaslıq ixtisasında təhsil alan tələbələr də iştirak edib.
Tələbələr Nərmin Kərimli, Anar İbrahimov, Sevinc Quliyeva, Emil Ağayev, Sevinc Cəfərova, Nərgiz Əbdürrəhmanova, Elçin Hüseynov, Ülkər Əliyeva Əməkdar rəssam Sakit Məmmədov və Xalq rəssamı Hüseyn Haqverdiyevin emalatxanasının qonağı olublar. Emalatxanalarda rəssamlar ilə canlı ünsiyyətdə iş prosesi ilə yaxından tanış olub, müzakirələr aparıblar.
Gənc sənətşünasların layihəyə cəlb edilməsində əsas məqsəd yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaq, Azərbaycan rəssamlıq sənətinin müasir inkişafı məsələləri, rəssamın bədii yaradıcılıq axtarışları, üslub özəllikləri və ideyalarının müzakirəsinə yönəlib.
“Emalatxanada görüş” adlı layihənin nəticəsi olaraq tələbələrin hazırladıqları esse, yazı və digər materiallar eyni adlı bloq səhifəsində (emalatxanadagorush.wordpress.com) yayımlanması və layihənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.