7-21 aprel tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “NUR Art House” qalereyasının birgə təşkilatçılığı ilə Art-layihə çərçivəsində “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı proqram-sərgi keçirilir. Layihənin rəhbəri Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Aslanova, proqram-sərginin dizaynerləri isə Universitetin müəllim və tələbə heyətindən Gülnaz Mədətova, Nəzakət Əhmədova, Kənan Səlimov və Şərqiyyə Əfəndizadədir.
Sərgidə Aybəniz Yusubova və Gülbəniz Qəmbərova bacıları, Elçin Hami Axundov, Sənubər Səmədova, Nigar Babayeva və Azərbaycan Rəssamlar İttifaqının, Müəllif Kuklası Beynəlxalq Təşkilatının üzvü Fərəh Əliyevanın hazırladıqları gəlinciklər nümayiş olunur. Professor Səbirə Dünyamalıyevanın milli geyimlər, Fuad Cəbrayılov və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin məzunu Ruslan Hüseynovun XVIII-XIX əsrə aid Azərbaycan milli geyimləri, tikmə nümunələri, baş örtükləri və parçalardan ibarət kolleksiyaları sərgilənir.
Xatırladaq ki, proqram-sərgi çərçivəsində 15 aprel tarixində saat 16.00-da Aybəniz Yusubovanın “Güllərin sehri”, saat 18.00-da Nigar Babayevanın “Milli gəlinciklərin hazırlanma texnikası”, 18 və 20 aprel tarixlərində saat 16.00-da Fərəh Əliyevanın “Gəlinciklərin yaranma tarixi”, 19 aprel tarixində saat 16.00 Nəzakət Əhmədovanın “Geyimlərin modelləşdirilməsi”, 21 aprel tarixində saat 18.00-də Elçin Axundovun “Kağızdan qəhrəmanları özün düzəlt” adlı ustad dərsləri keçiriləcək.