Novruz bayramı ərəfəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu tələbə və müəllimlərdən ibarət 25 nəfərlik heyətlə Lənkəran Dövlət Universitetinin dəvəti ilə Lənkəran şəhərində qastrol səfərində olublar.
Lənkərana 3 günlük səfər çərçivəsində ADMİU kollektivi şəhər, Lənkəran Dövlət Universiteti ilə yaxından tanış olub, iki gün ardıcıl olaraq tələbə-aktyorlar Lənkəran Dövlət Dram Teatrının səhnəsində M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” və U.Şekspirin “Romeo və Cülyetta” tamaşasını nümayiş etdiriblər. Hər iki tamaşa, tələbə-aktyorların ifası Lənkəran Dövlət Universitetinin müəllim və tələbə heyəti tərəfindən yüksək qiymətləndirilərək, sürəkli alqışlarla qarşılanıb. Tamaşadan sonra LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqları universitetin “Heydər Əliyev İdarəçilik Mərkəzi”ndə qəbul edərək SABAH qrupu tələbələri tərəfindən hazırlanmış tamaşanın yaradıcı kollektivinə belə yüksək səviyyəli ifaya görə təşəkkür edərək tələbələrə yaradıcılıq uğurları arzulayıb və belə əlaqələrin bölgə universitetləri üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
ADMİU –nun 4 əməkdaşı - Böyükxanım Məmmədbəyova, Nofəl Vəliyev, Ruslan İsmayılov, Bəxtiyar Mustafayev LDU-nun Fəxri fərmanı, 21 tələbə-aktyor isə tərifnamə və kiçik hədiyyələrlə mükafatlandırılıblar. ADMİU SABAH Mərkəzinin rəhbəri B.Məmmədbəyova, kursun rəhbəri, Əməkdar artist N. Vəliyev tamaşadan sonra çıxış edib Lənkəran Dövlət Universitetinin rəhbərliyi, professor müəllim və tələbə heyətinə səmimi və isti münasibətə, qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Universitetlərarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün, LDU-da açılacaq “Aktyorluq” ixtisasında gözəl kadrların yetişməsi üçün əllərindən gələn köməkliyi əsirgəməyəcəklərini bildiriblər.