14 dekabr 2016-cı il tarixində ADMİU-da , Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdən olan Ramiz Rövşənin 70 illik yubileyinə həsr olunmuş “Müasir şerimizin nəfəsi” adlı ədəbi-bədii mərasim keçirilib. Şairin özünün də iştirak etdiyi bu mərasimdə universitetin professor-müəllim heyəti, qiraət ustaları və tələbələr çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan, universitetin prorektoru, professor Gülşən Əliyeva qonağa, dəvəti qəbul edib universitetə təşrif buyurduğu üçün dərin təşəkkürünü bildirərək qeyd edib ki, “Ədəbi nəslinin bütün nümayəndələri kimi, Ramiz Rövşənin də poetik palitrası rəngarəng, çoxcəhətlidir. Bu isə özlüyündə oxucunu yormamağa, onu intellektual simvol və ideyalarla yükləməməyə xidmət edir. Bu cəhətdən Ramiz Rövşən obraz və metafora tapmaq, özü də gözlənilməz, poeziya həvəskarında sevinc və razılıq hissi oyatmağa nail olan obrazlar tapmağın ustasıdır”.
“Ən ardıcıl şəkildə sözün qeyrətini çəkən şairdir Ramiz Rövşən” – sözlərini vurğulayan professor Nizaməddin Şəmsizadə şairi salamlayaraq onun yaradıcılığı haqqında öz fikirlərini və şairlə bağlı xatirələrini danışıb.
Daha sonra universitetin qiraət ustalarının ifalarında yazıçının şeirləri dinlənilib. Ramiz Rövşən, öz yaradıcılığı haqda danışıb, şeirlərini səsləndirib və tələbələrin suallarını cavablandırıb. Sonda şair, dəvət üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib.