02 dekabr 2016-cı il tarixində Yasamal rayonu Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə "İşğaldakı sərvətimiz" adlı rəsm sərgisinin açılış mərasimi keçirilib. Layihədə 30 gənc rəssamın 34 rəsm əsəri və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunub. Sərgidə ilk olaraq Yasamal Rayon İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər şöbəsinin şöbə müdiri Zöhrab Cəfərov qonaqları salamlayaraq, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fonduna layihəyə maddi dəstək olduğu üçün öz təşəkkürünü bildirib. Daha sonra layihənin rəhbəri ADMİU-nun sənətşünaslıq ixtisasının IV kurs tələbəsi Fidan Böyükbabalı, Azərbaycan Respublikası Prezidenti Yanında Gəclər Fonduna və ADMİU-ya təşkilati dəstəyə görə öz təşəkkürünü bildirərək, layihənin məqsədi və problemin qoyuluşu haqqında çıxış edib. Sərgidə Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək sərginin təşkilini müsbət qiymətləndirdiklərini vurğulayıblar. Daha sonra ADMİU- nun musiqi sənəti fakültəsinin tələbələrinin ifası dinlənilib. Sərgi 3 gün davam edəcək.