2016-cı ilin 30 oktyabr tarixində İçərişəhərdəki “Abşeron” rəsm qalereyasında “Bu-Ta-nıtım” layihəsinin bağlanış mərasimi keçirilib. Giriş sözünü “Bu-Ta-nıtım” layihəsinin rəhbəri, ADMİU-nun “Kulturologiya” fakültəsinin 4-cü kurs tələbəsi, ADMİU-nun YAP Gənclər Birliyinin sədri Orxan Məmmədov açıb. Çıxışına, gələn qonaqları salamlayaraq başlayan Orxan Məmmədov qeyd edib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dəstəyi ilə keçirilib və 3 gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 55 namizəd arasından seçilmiş olan 30 gənc rəssamın 48 ədəd əl işi nümayiş etdirilib. Layihənin məqsədi konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq, müasir incəsənət sahəsinə tövhə vermək, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni qurmaq və gələcək inkişafına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirmək, Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən, şifahi və yazılı ədəbiyyata da türk etnosunun mifoloji düşüncəsini ifadə edən anlayış, simvol olan BUTA–nın təbliğinin inkişafına təkan verməkdir.
Çıxışının yekunu olaraq Orxan Məmmədov gələn qonaqlara öz təşəkkürünü bildirib, hərkəsə uğurlar arzulayıb və çıxış üçün sözü Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Nurlan Məmmədliyə verib.
Nurlan Məmmədli çıxışının əvvəlində gələn qonaqları salamlayıb. Orxan Məmmədovu və iştirakçıları “Bu-Ta-nıtım” layihəsi münasibəti ilə təbrik edib. Dövlətimizin gənclərə, gəncliyə olan qayğısından söz açıb.
Tədbir mükafatlandırma ilə davam edib. Sərgilənən əl işlərinin müəllifləri və layihənin təşkilində fəal iştirak edənlər sertifikatla təltif edilib.
Mərasim Azərbaycan milli konservatoriyasının nəzdində musiqi kollecinin tələbələrinin (tar, kaman, nağara) və Xırdalan şəhər uşaq musiqi məktəbinin şagirdlərinin (xanəndə) ifaları ilə başa çatıb.