Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr I kurs xanəndəlik ixtisası üzrə təhsil alan tələbəsi Aqil Süleymanov üzvü olduğu “Qarabağ” ansamblı ilə birlikdə Texasda keçirilən Beynəlxalq festivalda iştirak edib. Texasın Austin şəhərində baş tutan “South by South West” (SxSW) festivalı 1987-ci ildən başlayaraq hər il keçirilir. Bu ilki festivalda 62 ölkədən 2266 qrup iştirak etsə də “Qarabağ” qrupu festivalda çıxış edən 27 qrupdan biri olub. Bu festival həm də KİV sahələrini əhatə edən bir festivaldır. Beynəlxalq Festivalın rəsmi açılış mərasimində Amerika Prezidenti Barak Obama da iştirak edib. Festivaldan öncə qrup Texasda bir həftə ərzində daxili tanıtım konsertləri ilə çıxış ediblər. Qeyd edək ki, bu yaxınlarda qrupun Texasda yeni albomu da işıq üzü görəcək. Azərbaycanı Beynəlxalq Festivalda layiqincə təmsil edən magistr tələbəsi Aqil Süleymanovun ixtisas müəllimi xalq artisti Səkinə İsmayılovadır.