Fevalın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti: əzəmətli tarix perspektivli gənclik” adlı Elmi-praktiki seminar baş tutub.
ADMİU-nun 100 illiyinə həsr olunmuş elmi-praktiki seminarda Universitetin Beynəlxalq əlaqələr və tələbələrlə iş üzrə prorektoru, professor Gülşən Əliyeva-Kəngərli, Musiqi sənəti fakültəsinin müəllimi Vəfa Abbasova, Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Həsənova, ADMİU-nun tələbələri və qazaxıstanlı magistr tələbələr iştirak ediblər.
Elmi-praktiki seminarın keçirilməsində məqsəd xarici tələbələrə Azərbaycan mədəniyyətini tanıtmaq və onun ayrı-ayrı istiqamətləri üzrə informasiya ilə təmin etmək idi. Bu məqsədlə Musiqi fakültəsinin tələbəsi Hüseynova Banuçiçək “Azərbaycan musiqi tarixi”, Kulturologiya fakültəsinin tələbəsi Qurbanova Xədicə “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi”, Audivizual sənətlər fakültəsinin tələbələri Həsənova Nərgiz, Əliyeva Nigar “Azərbaycan kinosunun tarixi”, Rəssamlıq fakültəsinin tələbələri Abdullayev Elvin “Azərbaycan rəssamı Sadıq bəy Əfşarın yaradıcılığı”, Babayeva Ülviyyə “Azərbaycan rəssamı Səttar Bəhlulzadənin yaradıcılığı”, Davudova Leyli “Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığı”, Məleykə Süleymanova “Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun yaradıcılığı”, Talıbova Cahan “Azərbaycanda rəssamlıq sənəti” mövzularında çıxışlarını Azərbaycan mədəniyyətinə, o cümlədən, rəssamlıq sənəti, musiqisi və s. haqqında maraqlı təqdimatla zənginləşdiriblər. Qazaxıstanlı tələbələrlə maraqlı diskusiyalar aparan tələbələr onlara tarixi keçmişimizdən söhbət açaraq şanlı zəfərimiz, Xocalı soyqırımı, 20 yanvar faciəsi haqqında da məlumat veriblər.
Sonda qazaxıstanlı tələbələr tələbələrimizə maraqlı çıxışlar üçün təşəkkür edərək elmi-praktiki seminarda müzakirəyə çıxarılan mövzulara dair məlumatları öz tədqiqat işlərinə daxil etmək və mövzular haqqında daha ətraflı məlumat əldə etmək üçün onlarla ölkələrinə qayıtdıqdan sonra da əlaqələrini davam etdirəcəklərini bildiriblər.