Fevralın 27-də Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Shermanov Eldor Uralovich və bir neçə əməkdaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar.
Görüşdə ADMİU-nun rektoru professor Ceyran Mahmudova, prorektorlar Nigar Rüstəmova və Gülşən Əliyeva-Kəngərli, Xalq artistləri İlham Namiq Kamal, Gülyanaq Məmmədova, Xalq rəssamları Arif Əziz, Xanlar Əhmədov, kafedra müdirləri- Xalq artisti Teyyub Aslan, Əməkdar İncəsənət Xadimi Əli Əmirli, Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva, Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva iştirak ediblər.
Qonaqları Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inzibatçısı Yusif Məmmədov müşayiət edib.
Rektor Ceyran Mahmudova qonaqları salamlayaraq bu il 100 illik yubileyini qeyd edən və Azərbaycanda əsas yaradıcı yönümlü təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti haqqında geniş məlumat verib. O, bildirib ki, incəsənətin əksər sahələrini özündə ehtiva edən universitet bütün sənət nümunələrini öz yaradıcılıq işləri və öz nümayəndələri hesabına ərsəyə gətirir. Yaxın zamanlarda Özbəkistanda işgüzar səfərdə olduğunu deyən xanım rektor qədim tarixə və köklü mədəniyyətə malik ölkənin əsas ali təhsil ocaqlarından biri olan Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Sonra ADMİU-nun tanıtım çarxı nümayiş olunub.
Xalq artisti, ADMİU-nun professoru İlham Namiq Kamal çıxışında bildirib ki, Azərbaycanda 28 teatr var və orada çalışan rejissor, aktyor heyətinin mütləq əksəriyyətini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti hazırlayır. Çünki bu univeristet ölkədə teatr və kino sahəsində kadr hazırlayan yeganə ali təhsil müəssisəsidir.
Daha sonra Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Shermanov Eldor Uralovich çıxış edərək rəhbərlik etdiyi təhsil ocağıyla bağlı məlumat verib, Özbəkistanda məədniyyətin təbliği və tədrisi haqqında danışıb.
Çıxışlardan sonra iki universitet arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Günün davamında özəkistanlı qonaqlar ADMİU-nun fakültə dekanları və kafedra müdirləri ilə görüşüb, qarşılıqlı fikir mübadiləsi aparıblar.
Sonda qonaqların şərəfinə ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbələrinin ifasında konsert proqramı nümayiş etdirilib.