Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Qazaxıstan Milli İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən qazaxıstanlı tələbələr Bakıdadırlar.
Qazaxıstan Milli İncəsənət Universitetinin magistr səviyyəsi üzrə II təhsil ilində təhsil alan tələbələr ADMİU-da elmi təcrübə keçmək üçün müxtəlif ixtisaslar üzrə müvafiq mütəxəssislərə təhkim ediliblər. Rejissorluq, Art-menecment, Ənənəvi musiqi sənəti, teatr sənəti, rəssamlıq sənəti, estrada sənəti, Xalq çalğı alətləri, instrumental ifaçılıq, vokal sənəti ixtisasları üzrə 30-dan çox tələbə universitetin arxiv və kitabxanasında, eləcə də, M.F.Axundzadə adına Azərbaycan Milli kitabxanasında dissertasiya mövzularına dair zəngin materiallarla təmin ediliblər.
Qazax tələbələr ADMİU-da Məryəm Babayeva, İsrafil Ağazadə, Cəmil Quliyev, Elnur Mehdiyev, Samirə Əliyeva və başqa peşəkar müəllimlərin rəhbərliyi ilə 15 gün ərzində müvafiq sahələr üzrə təcrübə keçəcəklər.
Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün onlar universitet əməkdaşlarıyla birgə Azərbaycan Müasir İncəsənət Muzeyinə ekskursiya edib, Azərbaycan Dövlət Film Fondunda olub, “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) konsertində iştirak ediblər.
Qeyd edək ki, bu cür təcrübə mübadilələrini ənənəvi şəkildə təşkil edən il 100 yaşlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti qonşu ölkələrin yaradıcı yönümlü universitetləri ilə özünün bir əsrlik təcrübəsini bölüşməkdə davam edir.