ADMİU DÜNYADA ƏN GENİŞ İSTİFADƏ EDİLƏN DƏRSLİKLƏRDƏN BİRBAŞA İSTİFADƏ İMKANI ƏLDƏ EDİB
ADMİU DÜNYADA ƏN GENİŞ İSTİFADƏ EDİLƏN DƏRSLİKLƏRDƏN BİRBAŞA İSTİFADƏ İMKANI ƏLDƏ EDİB
20.02.2023
Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkəmizdə təhsilin inkişafına dəstək məqsədilə çap etdirdiyi yeni nəşrləri ADMİU Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə edib. BP-nin dəstəyi ilə beynəlxalq universitetlərdə geniş istifadə edilən müxtəlif dərsliklərin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri ölkənin ali təhsil müəssisələrinin zəngin beynəlxalq bilik və təhsil təcrübələrinə birbaşa çıxış əldə etməsinə kömək məqsədilə çap olunur. Bu, Azərbaycana ən yaxşı beynəlxalq tədris vəsaitlərinin gətirilməsinə yönəlmiş BP-nin böyük təhsil layihəsinin bir hissəsidir. Layihə çərçivəsində Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuş 17 dərsliyin hamısı yerli ali məktəblərdən və ekspertlərdən əldə edilmiş tövsiyələr əsasında seçilmişdir. Bu kitablar dünyada ən geniş istifadə olunan tədris nəşrləri arasındadır və bir çox aparıcı beynəlxalq universitetlər tərəfindən icbari dərsliklərin siyahısına daxildir.
Yeni təqdim edilmiş və 2022-ci ildə çapdan çıxmış 4 adda 75 nüsxə kitabın siyahısına bunlar daxildir: “Pozitiv psixologiya: təməl/1-ci nəşr” (Müəllif: Rona Hart), “Liderlik et və qalib gəl: İnnovator dilemmasını necə həll etməli/2-ci nəşr” (Müəlliflər: Çarlz. A O’Reyli və Maykl L.Tuşman)”, “Sosial tədqiqat praktikası/15-ci nəşr” (Müəllif: Örl Bebbi), “Yeni biznes yolu testi/5-ci nəşr” (Müəllif: Con Mallins).
BP-nin Azərbaycandakı sponsorluq siyasətinin prioritet sahələrindən biri olan təhsilə göstərilən dəstək çərçivəsində həyata keçirilmiş layihəyə əsasən nəşr edilən kitablar ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemində elektron kataloqa daxil edildikdən sonra universitetin Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət, Turizm və kitabxana-informasiya fəaliyyəti kafedralarının professor-müəllim heyəti, bakalavr və magistratura pilləsi üzrə təhsil alan tələbələri və magistrantlarının istifadəsinə verilib. Hər bir dərsliyin çap variantı ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın – TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdirilib.