Fevralın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub. O, ADMİU-nun Teatr-kino aktyoru, Musiqili teatr aktyoru və geyim dizaynı ixtisaslarının II kurs magistr tələbələrinin onun əsəri əsasında hazırladıqları "Hərdən mənə mələk də deyirlər" adlı diplom tamaşasına baxıb. Tamaşanın quruluşçu rejissoru və diplom rəhbəri Gümrah Ömər, quruluşçu rəssam və diplom rəhbəri Nəzakət Əhmədovadır.
Əsər həyatda uğur və rahatlıq arzusunda olan Yaradıcı şəxsin Mənəviyyatı və nəfsi arasında gedən amansız mübarizənin kədərli sonu haqqında xəyali oyundur. Tamaşanın janrı səhnə elegiyası kimi müəyyənləşib.
Səhnə əsərinin geyim dizaynı Sevinc Nəbiyeva və Nərmin Məmmədovadır.
Tamaşada Fərid Bağırov, Cavid Baba, Pərvanə Talıbova, Cavid Cavadzadə, Zümrüd Quliyeva, Rəşad Aliyaroviç, Mirxədicə Mirzəyeva, Tohid Əzim və Məleykə Cəfərova iştirak edirlər.
Diplom işinin nümayişindən sonra çıxış edən Xalq yazıçısı Kamal Abdulla dəvət üçün ADMİU-nun rektoru, professor Ceyran Mahmudovaya və onun əsərinə müraciət edən rejissor Gümrah Ömərə öz təşəkkürünü bildirib. Quruluşu və tələbələrin ifasını çox bəyəndiyini deyən müəllif onlara gələcək yaradıcılıqlarında uğurlar arzu edib.