ABŞ Dövlət Departamentinin proqramı olan Fulbrayt Mütəxəssisi Proqramı ABŞ alimləri və tanınmış peşəkarlar üçün dünyanın müxtəlif yerlərində yerləşən təşkilatlarda iki-altı həftəlik layihə əsaslı mübadilələrdə iştirak etmək üçün unikal proqramdır.
Böyük Fulbrayt Proqramının bir hissəsi olan Fulbrayt Mütəxəssisi Proqramı 2001-ci ildə ABŞ Dövlət Departamenti, Təhsil və Mədəniyyət İşləri Bürosu (ECA) tərəfindən yaradılıb. Proqramın məqsədi yüksək ixtisaslı ABŞ alimlərini və mütəxəssislərini xaricdəki qəbuledici institutlarda təcrübələrini bölüşmək, əlaqələri gücləndirmək, bacarıqlarını artırmaq, beynəlxalq təcrübə qazanmaq və digər mədəniyyətlər haqqında məlumat əldə etmək üçün xaricdəki institutlarla birgə mübadilə aparmaqdır.
Peşəkar və akademik fənlərin geniş spektrini təmsil edən mütəxəssislər öz geniş təcrübələri ilə xaricdəki layihələrə əhəmiyyətli töhfə vermək bacarığı əsasında Fulbrayt Mütəxəssisi Siyahısına qoşulmaq üçün müsabiqə yolu ilə seçilirlər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2022-ci il iyul ayında bu müsabiqədən keçib. Təyin olunan mütəxəssis Arizona Dövlət Universitetinin Herberger Dizayn və İncəsənət İnstitutunun Dizayn məktəbinin pedaqoqu Johanna Taylor 2023-cü ilin may ayında 4 həftəlik ADMİU-ya gəlib.
ADMİU-nun yeni Art Menecment MBA proqramının təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşması məqsədilə mütəxəssisin universitetimizdə fəaliyyəti dövründə müəllim- professor heyəti, fakültə, kafedra, şöbələr və tələbələrlə görüşləri baş tutub.
Eyni zamanda, J.Taylor ADMİU-nun fakültə dekanları ilə görüşüb, fakültənin iş fəaliyyəti ilə yaxından tanış olub.
O cümlədən, əcnəbi qonaq Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Milli Xalça Muzeyinin rəhbərlikləri ilə görüşüb, həmin müəssisələrin fəaliyyətləri ilə tanış olub. Eləcə də amerikalı pedaqoqun ADMİU-nun akademik heyəti və tələbələri ilə görüşləri də təşkil edilib.
Həmçinin, Johanna Taylor ADMİU-nun Musiqi fakültəsinin Estrada sənəti fakültəsinin tələbələrinin iştirakı ilə “Jazz musiqisi axşamı”nda və “Gümüş Nar festivalı”nda iştirak edib.
Səfərinin başa çatması münasibəti ilə mayın 26-da son olaraq Johanna Taylorun ADMİU-nun rektoru professor Ceyran Mahmudova və universitetin bir sıra rəhbər şəxsləri ilə görüşü baş tutub. Qonağı rəhbəri olduğu ali təhsil ocağında salamlamaqdan məmnunluq duyduğunu ifadə edən rektor onun bir ay ərzində burada keçirdiyi görüşlərinin səmərəli nəticələr verəcəyinə inandığını bildirib.
Johanna Taylor çıxışında bu müddət ərzində onu yüksək səviyyədə qonaq etdikləri üçün ADMİU-nun rektoru Ceyran Mahmudovaya təşəkkürünü bildirib və ADMİU-da tələbələrin hazırlıqlarından məmnunluğunu bildirib: “Burada müxtəlif incəsənət növləri ilə tanış oldum. Bundan çox şadam. Burada görüşdüyüm bütün təşkilatlar və şəslərlə bağlı gördüyüm ortaq cəhət odur ki, hamının bu sahənin genişlənməsinə marağı var. Bizim əsas məqsədimiz bu proqramı dərinləşdirmək, bu proqramı öyrənmək istəyənlərə dəstək olmaqdır”. Amerikan mütəxəssis qeyd edib ki, hazırda bütün dünyada art menecment dəyişir, inkişaf edir, xüsusən Azərbaycanda. Azərbaycanda muğama, xalçaçılığa maraq geniş yayılıb. Bu sahənin inkişafı bu istiqamətlərdə də müsbət nəticələrə səbəb olacaq”.
Daha sonra J.Taylor ADMİU-da tələbələrin bu sahədə çox yaxşı təhsil gördüklərini, yüksək ixtisaslaşmış mütəxəsisslərin cəlb olunduğunu vurğulayıb.
Görüşün davamında ADMİU-nun prorektorları Sədaqət Əliyeva, Nigar Rüstəmova və başqaları art menecment və onun tədrisi ilə bağlı öz fikirlərini bölüşüb, qonağa suallarını ünvanlayıblar.
Sonda rektor C.Mahmudova qonağa xatirə hədiyyəsi təqdim edib.