Mayın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin semestr üzrə yekun hesabat sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçirilib.
Festivalda Bakı Dövlət Universitetinin rektoru dosent Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunu müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) qurucusu və sədri Fərhad Qaraşov, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Universitetin həyətində təşkil olunan tədbir ADMİU-nun xor kollektivi tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Daha sonra kollektiv bir-birindən gözəl ifalar təqdim ediblər.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları və tədbir iştirakçılarını salamlayaraq keçirilən "Gümüş nar" festivalı haqqında geniş məlumat verib və hər il bu festivala cəmiyyətimizin ziyalılarının, mədəniyyət nümayəndələrinin marağının artmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirib ki, bu il 100 yaşını qeyd edən ADMİU-nun tələbələri hər zaman öz yaradıcılıqlarında Azərbaycan tarixinin, mədəniyyətinin atributlarını, milli-mənəvi dəyərlərimizi əks etdirirlər. Eləcə də Azərbaycan incəsənətinin simvollarından biri olan nar da müxtəlif obrazlarda onların yaradıcılıqlarında əks olunur.
Sonra qonaqlar tələbələrin 100-ə yaxın əsərinin nümayiş edildiyi sərgi ilə tanış olublar. Bildirilib ki, burada qrafika, yağlı boya, akvarel, quaş, bədii tekstil, ağacoyma, şəbəkə texnikalarında işlənmiş əsərlər fakültənin tələbələrinin akademik bilik və vərdişləri ilə yanaşı, onların fərdi xüsusiyyətləri, bədii nailiyyətləri haqqında ətraflı məlumat verilir. Sərgidə təqdim olunan işlər rəssam, qrafik, dizayner, xalçaçı tələbələrin formalaşmasında mühüm rolu olan ustad müəllimlər tərəfindən seçilib.
Sərginin təşkilinə və bədii tərtibatına Dizayn və dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi Gülnaz Mədətova rəhbərlik edib.
ADMİU-nun “Estrada sənəti” kafedrasının müdiri Məryəm Babayevanın rəhbərliyi ilə "Musiqi sənəti" fakültəsi tələbələrinin bir-birindən gözəl ifaları festivala rəng qatıb.