Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Özbəkistanda I “Türk dövlətləri tələbə tamaşaları teatr festivalı”nda iştirak edirlər.
22-26 may tarixlərində TÜRKSOY-un təşkilatçılığı, Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Daşkənddə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda keçirilən festivala ADMİU-nun nümayəndə heyəti universitetin rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə qatılıblar.
Festival çərçivəsində mayın 24-də Əməkdar artist, ADMİU-nun dosenti Yaqut Paşazadənin özbək aktyorlarına ustad dərsləri keçirilib. Ustad dərsində Əməkdar artist aktyor sənəti, səhnə hərəkətləri və sair kimi mövzularda bilik və təcrübələrini bölüşüb.
Daha sonra ADMİU-nun nümayəndə heyəti ilə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun Kukla Teatrı fakültəsinin görüşü keçirilib. Görüşdə qonaqlar fakültənin işi, fəaliyyəti ilə yaxından tanış olublar. Sonda fakültə tələbələrinin ifasında tamaşa nümayiş etdirilib.