Yanvarın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Xəzər Media Mərkəzi arasında memorandum imzalanıb.
Memorandumu ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov imzalayıblar.
Görüşdə ADMİU-nun rəhbərliyi, prorektorlar, dekanlar, həmçinin, Xalq artistləri İlham Namiq Kamal, Məmmədsəfa Qasımov, Vamiq Məmmədəliyev, Simarə İmanova, Mehriban Zəki, Əməkdar artistlər Gülşad Baxşıyeva, Əməkdar İncəsənət Xadimləri Rafiq Quliyev, Əli Əmirli, Əməkdar müəllim Məryəm Babayeva, Xalq rəssamları Arif Əziz, Xanlar Əhmədov, Əməkdar rəssam Rəşad Cabarov, Xəzər Media Mərkəzindən baş direktorun müşavirləri Teymur Məmmədov və Azər Muxtarov, baş prodüser Toğrul Məmmədov, ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin direktoru Ülkər Qasımova və başqaları iştirak ediblər.
Memorandumun məqsədi ADMİU və Xəzər Media Mərkəzi arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə uyğun şəkildə ADMİU-nun müəllim və təhsilalanları arasında elmi-praktik məlumatların artırılmasını təmin etmək, həmçinin, rejissorluq, operator, bədii yaradıcılıq, dizayn, təsviri sənət və digər sahələrdə ADMİU-nun təhsilalanlarının bilik və bacarıqlarının davamlı inkişaf etdirmək üçün layihələrin birgə icrası, onların müvafiq sahələr üzrə istehsalat təcrübələrinin təşkil edilməsi, Xəzər Media Mərkəzi əməkdaşlarının ixtisasının artırılması, məzun tələbələrin işlə təmin edilməsidir.
Xəzər Media Mərkəzinin əməkdaşlarının ixtisas və biliklərinin daha da artırılması üçün tərəflər arasında əməkdaşlığın qurulması, ADMİU tərəfindən irəli sürülən və ictimai əhəmiyyət kəsb edən təşəbbüslərə media dəstəyinin göstərilməsi, ümumi maraq doğuran digər tədbirlərin həyata keçirilməsi də müqavilədə öz əksini tapıb.
Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov memorandumun əhəmiyyəti barədə fikirlərini bölüşüb: “Xəzər Media Mərkəzinin inkişaf proqramı daxili imkanlar hesabına genişlənməlidir. Biz mütəxəssis yetişdirməliyik. Biz bəyənmədiyimiz və sevmədiyimiz televiziyanı qəflətən, bir günün içində dəyişə bilmərik. Əlbəttə, burada mütəxəssislərə ehtiyac var, akademik təhsil almış insanlar üçün geniş imkanlar yaratmalıyıq. Burada söhbət təkcə aparıcılardan, aktyorlardan getmir. Çox vacib məsələlərdən biri - televiziyanın vizual tərtibatıdır, düzgün şəkildə nitq mədəniyyətini, dilin xüsusiyyətlərinə uyğun olaraq çatdırmaqdır, burada ssenaristlərə, aktyorlara, redaktorlara ehtiyac var. Artıq bu gündən etibarən biz universitetin rəhbərliyi ilə bir neçə işçi qrupu yaratmışıq, dəyərli mütəxəssislərimiz kanalımıza dəvət olunacaq və Xəzər Media Mərkəzində birgə fəaliyyətə başlayacaq. Bir xüsusi vurğuladığım məsələ də odur ki, biz faktiki olaraq bu sənəd vasitəsilə tələbələrimizi konkret olaraq işlə təmin etməyə hazır olduğumuzu bildirmişik”. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Xəzər Media Mərkəzi ilə qarşılıqlı əməkdaşlığın fayda verəcəyinə əminliyini ifadə edib: "Çox şadam ki, bu gün ADMİU ilə Xəzər Media Mərkəzi arasında vacib bir memorandum imzalandı. Məlum olduğu kimi bizim universitet 100 ilə yaxındır ki, Azərbaycan incəsənəti üçün müxtəlif sahələr üzrə kadrlar hazırlayır. Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşovun qarşılıqlı işlər görmək niyyəti bizi çox sevindirdi. Biz hər zaman əməkdaşlıq üçün açıq və hazırıq. Bu əməkdaşlığın tələbələrimiz üçün geniş imkanlar açacağına inanıram. Çünki televiziya, radio, mediada işləmək hər bir incəsənət üzrə təhsil alan tələbənin arzusudur. Ümid edirəm ki, bu memorandumun imzalanması da bizim tələbələr üçün belə imkanlar açacaq. Bu fürsət üçün Xəzər Media Mərkəzinin rəhbərliyinə təşəkkür edirəm".
Görüşdə ADMİU tərəfindən hazırlanmış filmlər də nümayiş olunub. Sonda xatirə hədiyyələri təqdim edilib.