ADMİU-da tələbələrin ixtisas üzrə təcrübələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 saylı qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnaməsi ilə tənzimlənir. Təcrübələr ixtisas kafedraları tərəfindən hazırlanmış təcrübə proqramları əsasında həyata keçirilir.
Tədris planlarına uyğun olaraq 2022/2023-cü tədris ilində ixtisaslar üzrə təcrübələr payız və yaz semestrləri üzrə həyata keçirilir. Universitet üzrə ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrin ixtisasdan asılı olaraq sentyabr ayının 15-dən təcrübələri keçirilmişdir. 6 müəssisə ilə müqavilə bağlanmışdır.
Rəssamlıq fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV təhsil ilində təhsil alan 39 tələbə sentyabr ayının 15-dən 09 noyabr tarixinə kimi Bakı şəhər Təhsil İdarəsinin razılığı əsasında paytaxtın 3 ümumtəhsil orta məktəblərində (18 №-li tam orta məktəb, 53 №-li tam orta məktəb, 189-190 №-li tam orta məktəb) təşkil olunmuş pedaqoji təcrübəyə göndərilmişlər.
Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı, Musiqi müəllimliyi ixtisaslarında təhsil alan IV təhsil ilinin 48 tələbəsi Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyası, Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi, Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində istehsalat təcrübəsində olmuşlar.
Magistratura səviyyəsində təhsil alan II təhsil ilinin 7 magistrantı elmi-pedaqoji, 1.5 təhsil ilinin 52 magistrantı isə pedaqoji, diplomqabağı və yaradıcılıq təcrübələrini keçmək üçün fakültələrin müvafiq kafedralarına təhkim olunmuşlar.
2022/2023-cü tədris ilinin yaz semestrində fevral ayının 16-dan başlayacaq təcrübələrin may ayının 24-dək keçirilməsi nəzərdə tutulub. Bakalavriat səviyyəsində 14 həftə davam edəcək təcrübələr istehsalat, tədris, plener, diplomqabağı təcrübələrdən ibarətdir. Magistratura səviyyəsində isə fevral ayının 16-dan mart ayının 15-dək elmi-tədqiqat, mart ayının 16-dan aprel ayının 12-dək elmi-pedaqoji təcrübələrin keçirilməsi nəzərdə tutulub. Cari tədris ilində bakalavriat səviyyəsi üzrə 537 tələbənin istehsalat təcrübəsi, magistratura səviyyəsində isə 69 tələbənin elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinin keçirilməsi nəzərdə tutulub.
2022/2023-cü tədris ilində tələbələrimizin təcrübə keçməsi ilə əlaqədar respublikada fəaliyyət göstərən 71 təşkilat və müəssisə ilə əməkdaşlıq müqavilələri bağlanmış, tələbələrin təcrübə keçmələrinə şərait yaradılmışdır. Bakalavriat səviyyəsində tələbələrin istehsalat təcrübəsinə rəhbərlik etmək üçün ixtisas kafedraları tərəfindən 50 müəllim, magistratura səviyyəsində isə 47 müəllim təcrübə rəhbəri təyin edilmişdir.
Təcrübə obyektləri olaraq Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Fondu, ADA Universiteti, Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dini qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı QHT Resurs və Təlim Mərkəzi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Xəzər Media Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Film Fondu, C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Azad Azərbaycan Müstəqil Teleraadio Şirkəti, Muzey sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan İstiqlal Muzeyi, Abdulla Şaiqin Ev Muzeyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyası, Teatr Xadimləri İttifaqı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, “Birlik” kinostudiyası və s. kimi müxtəlif müəssisələr müəyyənləşdirilmişdir.
Tələbələrin təhsil aldıqları müddətdə yiyələndikləri nəzəri biliklər təcrübədə tətbiq edilərək onların gələcək iş həyatlarında çox böyük rol oynamasına şərait yaradır.