Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin bu il 2023-cü il may ayının 10-da 100 ili tamam olur. Bununla bağlı cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bu qərara əsasən, artıq respublikada silsilə tədbir və konsertlərə, elmi və siyasi konfranslara start verilib.
Ölkədə baş verən bütün dövlət əhəmiyyətli hadisələrə hər zaman operativ reaksiya verən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) bu dəfə “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlərə start verib. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin xatirəsini yad etmək məqsədi ilə yanvarın 10-da keçirilən “Burada və İndi” adlı konsert ADMİU-nun təşəbbüsü ilə keçiriləcək Ümummilli liderin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin açılışı olduğunu söyləyə bilərik.
ADMİU-nun Musiqi sənəti fakültəsinin İnstrumrntal ifaçılıq kafedrasının gənc və istedadlı müəllimləri, kafedranın baş müəllimi, pianoçu Leyla Əliyeva və viola ifaçısı, kafedranın müəllimi Üzeyir Mahmudbəylinin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən möhtəşəm konsert tamaşaçıların yaddaşında unudulmaz iz qoydu. Konsert proqramını görkəmli alman bəstəkarı Paul Hindemitin fortepiano və viola üçün yazdığı 4 №li sonatasının ifasına başlamazdan öncə Üzeyir Mahmudbəyli tamaşaçılara bəstəkarın dövrün kontrapuntal cəhətdən mürəkkəb bir üslubda yazdığı əsərləri daha sonra neoklassik əsərlərlə əvəz olunduğunu söylədi. Əslində bəstəkarın özünün o qədər də sevmədiyi bu əsəri ənnənəvi Motsart, Bethoven klassik aydınlığından daha çox İ.S.Baxın və M.Regerin kontrapuntal dili ilə yazılan və əsasən nəzəriyyəçilərin anlamında olan bir musiqi olduğu fikrini ifaçı Ü.Mahmudbəyli tamaçılarla bölüşdü. L.Əliyeva və Ü.Mahmudbəyli sonatanın melodiyasındakı əks nöqtəni, ritm və melodik konturda harmonik olaraq bir-birindən asılı, lakin müstəqil olan iki musiqi xəttini, bir sözlə P.Hindemit ideyasını tamaşaçılara öz ifaları ilə aydın şəkildə çatdırdılar.
Konsert proqramına əsasən növbəti əsərlərin, D.Şostakoviçin fortepiano və viola üçün sonatası və İ.Bramsın fortepiano və simli kvartet üçün yazdığı 1 №li sonatasını Leyla Əliyeva və Üzeyir Mahmudbəyli, həmçinin dəvət olunmuş qonaq ifaçılar, skripkada Fatimə Nəsirli, violonçelidə Əsmər Kərimli gecədə öz möhtəşəm ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.