Mayın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ili münasibətiylə “Zirvədən zirvəyə və əbədiyyətə” adlı tədbir keçirilib. “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə keçirilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, görkəmli incəsənət xadimləri və qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, universitet hər il ənənəvi olaraq Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində xatirəsinə həsr olunmuş tədbirlər, konfranslar, dəyirmi masalar keçirir: “Bu illər ərzində çox insanların onunla bağlı xatirələrini, fikirlərini dinləmişəm və görmüşəm ki, hər bir insanın qəlbində öz Heydər Əliyev obrazı var. Hər dəfə onun haqqında yeni nələrsə öyrənirik və bir daha əmin oluruq ki, hazırkı çiçəklənən Azərbaycan məhz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır. Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğıyla yanaşıb. O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırardı. Ona görə də onun hakimiyyəti dövründə mədəniyyətimiz özünün ən gözəl inkişaf yolunu keçdi.
Rektor qeyd edib ki, Bu gün Mədəniyyət və İncəsənət Universitetində dərs deyən, hazırda bu tədbirdə iştirak edən Azərbaycan mədəniyyətinin ikonlarına çevrilmiş sənətkarlarımız var ki, həm onların, həm də bizim Heydər Əliyev dühasıyla bağlı xatirələrimiz çoxdur: “Biz onun bu qayğısının, diqqətinin canlı şahidləriyik. Ədəbiyyat, rəssamlıq, xalçaçılıq, bəstəkarlıq, heykəltəraşlıq, teatr, kino və sair mədəniyyət sahələrimizin hər biri Heydər Əliyevin çox dəyərli ideyalarından bəhrələnib və inkişaf yolu keçib. O, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı”.
ADMİU-nun kafedra müdiri, Əməkdar İncəsənət Xadimi Rafiq Quliyev çıxışında Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və incəsənətə olan yüksək münasibəti haqqında geniş bəhs edib, özünün xatirələrini bölüşüb. R.Quliyev mərhum prezidentin xatirəsinə həsr etdiyi “Ulu Öndər” sənədli filmindən danışıb, bu filmi öz yaradıcılığının mühüm mərhələsi adlandırıb.
Müəllifin çıxışından sonra “Ulu Öndər” sənədli filmi nümayiş edilib.
Filmdən sonra söz incəsənət xadimlərinə verilib. Xalq artistləri Həmidə Ömərova, Oqtay Mirqasımov, Zamiq Əliyev, Əməkdar İncəsənət Xadimi Əli Əmirli çıxış edərək Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, onu bütün dövrlərin dahi şəxsiyyəti, əvəzolunmaz lider adlandırıblar.
Bildirilib ki, Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyətə, incəsənətə böyük qayğıyla yanaşıb. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, bu qayğıdan kənarda qalsın. Heydər Əliyev mədəniyyətimizi yaradan və inkişaf etdirən bütün sənətkarların əməyini yüksək qiymətləndirir, diqqət və qayğısını əsirgəmirdi. O, rəssamların, bəstəkarların, yazıçıların, teatr xadimlərinin qurultaylarında özü şəxsən iştirak edir, gözəl çıxışları və layiqli təklifləriylə onları ruhlandırır, stimul verirdi. O, bir çox tamaşaların premyeralarında iştirak edir, tamaşa sonrası səhnə arxasında fikirlərini yaradıcı heyətlə, aktyorlarla bölüşür, onları təbrik edirdi. O, yeni estetik düşüncəyə malik əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.
Tədbirdən sonra iştirakçılar ADMİU Kitabxana-İnformasiya Mərkəzi tərəfindən H.Əliyevə həsr olunmuş kitab sərgisiylə tanış olub, Ulu Öndərin büstünün önünə əklil qoyublar.
Büstün önündə rektor C.Mahmudova çıxışçılara və iştirakçılara öz təşəkkürünü bildirib və Heydər Əliyevin qəlblərdə, xatirələrdə, Azərbaycan tarixində əbədi yaşayacağını bir daha vurğulayıb.