Yanvarın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş bir sıra tədbirlər həyata keçirilib.
ADMİU Kitabxana-İnformasiya Mərkəzi tərəfindən faciəyə və onun qurbanlarına həsr olunmuş kitablardan, jurnal və qəzet materiallarından ibarət sərgi açılıb. Həmçinin, 20 Yanvar faciəsinə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə ADMİU-nun əhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılmasıyla başlayıb. giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova 1990-cı il 20 Yanvar gecəsiylə bağlı xatirələrini bölüşüb və qeyd edib ki, o gecə baş verənləri neçə illər keçməsinə baxmayaraq, heç bir azərbaycanlı unutmur və unutmayacaq: “Bugünki tədbirin məqsədi, məramı budur ki, biz öz keçmişimizi unutmuruq, unutmamalıyıq. Həmin gecə bu gün də yaddaşımdadır. O günlər nə qədər ağır olsa da, xalqımızı müstəqilliyə aparan şərəfli yol idi. Bu gün biz 20 Yanvar hadisələrini və şəhidlərini anarkən 44 günlük Vətən müharibəmizi və zəfərimizi də yad edirik. Azərbaycan xalqı tarixin bütün dövrlərində əzmkar, mübariz və vətənini canından çox sevən bir millət olduğunu sübut edib. 20 Yanvar faciəsində canını qurban verən şəhidlərimiz özündən sonrakı nəslə qəhrəmanlıq, cəsarət örnəyi oldular. Vətən müharibəsində canı, qanı bahasına Qarabağa azadlığını qaytaran oğullarımız da özündən sonrakı nəsillərə örnək olacaqlar. Arzu edərdim ki, bir də heç vaxt xalqımız bu cür faciələr yaşamasın, öz yurd-yuvalarından didərgin düşməsin, şəhidlərimiz olmasın, anaların gözləri yaşlı qalmasın”.
ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli çıxış edərək həmin gecəylə bağlı xatirələrini bölüşüb və bildirib ki, Vətən müharibəsindəki böyük qələbə bu faciələrin xalqın qəbində açdığı 30 illik yaranı sağaltdı, bizə həm torpaqları, həm də özümüzə inamı qaytardı. Prorektor çıxışında ADMİU-nun hər il ənənəvi olaraq 20 Yanvar faciəsini mənəvi borc kimi yad etdiyini, keçirdiyi xüsusi tədbirlərlə heç zaman unudulmağa qoymadığını diqqətə çatdırıb və bunun gələcəkdə də bu cür davam edəcəyini deyib.
ADMİU-nun “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli deyib ki, bu gün qazanılan böyük qələbədə bu faciələrin və onda həyatını itirmiş şəhidlərin böyük rolu var: “Bizim 44 günlük müharibədən sonrakı Qarabağ zəfərimizdə 20 Yanvar şəhidlərinin böyük rolu var. Tarix boyu Azərbaycan xalqı vətənin dar məqamında birləşməyi yaxşı bacarıb. Bizim Vətən müharibəsi şəhidimiz Fəqanla öyrəndim ki, sən demə, Azərbaycanda çaxur adlı millət varmış və o millətin oğlu da Qarabağ yanğısıyla döyüşlərə qatılıb, sinəsini sipər etməyi bacardı. Bu, ölkəmizdə yaşayan xalqların dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, Vətən yolunda bir yumruq kimi birləşə bilməklərinin ən böyük nümunəsidir. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar hər zaman qəlbimizdə yaşayacaqlar”.
ADMİU-nun "Səhnə danışığı" kafedrasının müdiri, dosent, Əməkdar artist Azad Şükürov Azərbaycan xalqının tarixən cəsarətli xalq olduğunu, öz müstəqilliyini canı, qanı bahasına əldə etdiyini vurğulayıb, 1990-cı il 20 Yanvar gecəsiyə bağlı xatirələrini yada salıb. Bildirib ki, bu faciə Azərbaycan ədəbiyyatında da özünəməxsus yer tutub. Şair və yazıçılarımız 20 Yanvar hadisələrinə, şəhidlərinə həsr olunmuş yüzlərlə əsərlər yazıblar və bədii qiraətçi olaraq onun da yaradıcılığında bu mövzu əsas yerlərdən birini tutub.
Tədbirdə qonaq qismində iştirak edən ADMİU-nun 20 Yanvar şəhidi Azər Ələkbərovun bacısı Gülsəda Ələkbərzadə bu günü və şəhidləri unutmadıqları üçün ADMİU rəhbərliyinə təşəkkür edib, qardaşıyla hər zaman qürur duyduğunu vurğulayıb.
Daha sonra ADMİU-nun tələbələri tərəfindən hazırlanmış “Son imtahan” filmi nümayiş etdirilib. Filmdə ADMİU-nun şəhid məzunları Azər Ələkbərov və Vaqif Əhmədovdan bəhs edilib.
Eləcə də, həmin gün universitet rəhbərliyi, professor-müəllim heyəti Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl”in önünə əklil qoyublar.