Aprelin 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Beynəlxalq Abidələr Gününə həsr olunmuş “Şuşanın mədəni irsi: problemlər və perspektivlər” adlı dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Daş dövrü arxeologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov Şuşanın ən qədim insan düşərgəsi olması ilə bağlı məruzə söyləyib və faktlar göstərib. Məruzəçi deyib ki, Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində uzaq keçmişimizə aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunub. Araşdırmalar göstərir ki, qədim insanlar paleolit dövründə əsasən Azərbaycanın dağlıq ərazisində mövcud olan təbii karst düşərgələrində, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli təbii coğrafi şəraiti olan yerlərdə məskunlaşmağa başlayıblar. O, qeyd edib ki, bu baxımdan Qarabağın ən gözəl guşələrindən biri olan Şuşada aparılmış elmi tədqiqat işlərinin mühüm elmi əhəmiyyəti var. Ə.Cəfərov 1971-1973, 1975-ci illərdə özünün də iştirakçısı olduğu Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Mil-Qarabağ arxeoloji ekspedisiyasının Məmmədəli Hüseynovun rəhbərliyi altında Qarabağın ən qədim ərazilərindən biri olan Şuşada apardığı elmi tədqiqat işlərindən danışıb və bildirib ki, aparılan arxeoloji qazıntılar nəticəsində Şuşa şəhəri yaxınlığında, Cıdır düzünün aşağı hissəsində paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi aşkar olunub. Professor əlavə edib ki, bəzi yazılı tarixi mənbələrdə də Şuşa şəhəri ərazisində qədim insanların yaşamasına dair məlumatlar var.
Daha sonra ADMİU-nun kafedra müdiri, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev “Tariximiz və mədəniyyətimizin qürur mənbəyi Şuşa şəhəri”, fəlsəfə elmləri doktoru, professor Mübariz Süleymanlı “Şuşanın mədəni irsinin qorunmasının qanunvericilik bazası”, kulturologiya elmləri doktoru, professor İlqar Hüseynov “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası”, Milli Xalça muzeyinin baş mühafizi, baş müəllim Mira Məmmədxanova “Şuşada Xalça Muzeyinin bərpası”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova “Şuşa-“şəhər-abidə” statusunda”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Davud Həşimov “Vətən müharibəsi: uğurlar və hədəflər” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda çıxış edən ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə dokoru Sədaqət Əliyeva dəyirmi masanın əhəmiyyətindən danışıb, dinlənilən məruzələrdə çox mühüm mövzulara toxunulduğunu vurğulayıb.