Azərbaycan musiqi elminin inkişafında xidmətləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə səmərəli əməkdaşlığını nəzərə alaraq Universitetin Elmi Şurasının qərarına əsasən görkəmli etnomusiqişünas İzaliy İosifoviç Zemtsovskiyə ADMİU-nun fəxri professoru adı verilib. Aprelin 8-də görkəmli alim İzaliy İosifoviç Zemtsovskiyə ADMİU-nun fəxri professoru diplomunun onlayn şəkildə təqdimetmə mərasimi keçirilib.
İ.İ.Zemtsovski rus-amerika etnomusiqişünası, sənətşünaslıq doktoru, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, Stanford Universitetinin (ABŞ) professorudur. YUNESKO-nun Ənənəvi musiqi üzrə beynəlxalq şurasının və Etnomusiqişünaslıq cəmiyyətinin (ABŞ) üzvü olan İ.Zemtsovski etnomusiqişünaslıq sahəsində Fumio Koizumi adına Beynəlxalq mükafatın laureatıdır. Zemtsovski müxtəlif xalqların musiqi folkloruna, folklor sahəsində etnik əlaqələrə, etnomusiqişünaslığın metodoloji problemlərinə dair 20-dən artıq kitabın və 500-dən çox elmi məqalənin müəllifidir. Uzun müddət Leninqrad (indiki Sankt-Petertburq) Teatr, Musiqi və Kino İnstitutunun professoru vəzifəsində çalışan Zemtsovski keçmiş SSRİ-nin bir çox respublikasında, o cümlədən Azərbaycanda etnomusiqişünaslığın inkişafında yaxından iştirak etmişdir. Görkəmli alim ADMİU-nun təşkilatçılığı ilə keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq konfransların dəfələrlə iştirakçısı olub və etnomusiqişünaslığın müasir problemlərinə dair online seminar keçirib.
İzaliy İosifoviç Zemtsovskiyə ADMİU-nun fəxri professoru diplomunun təqdimetmə mərasimində çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, rektorun müşaviri, professor Validə Məmmədova, “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, professor Kamilə Dadaş-zadə görkəmli alimin elmi fəaliyyəti haqqında məlumat verərək, onun Universitetlə səmərəli əməkdaşlığından bəhs ediblər.
Tədbirin sonunda söz alan İzaliy İosifoviç Zemtsovski Universitetin rəhbərliyinə öz dərin təşəkkürünü bildirib və iştirakçıları son elmi əsərləri haqqında məlumatlandırıb.