Kitabxana-İnformasiya Mərkəzinin fonduna Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu tərəfindən ADMİU-ya hədiyyə olunmuş rus dilində nəşrlər daxil olub. Elena Vyaçeslavovna Titovanın müəllifi olduğu “Film istehsalında səs montajı texnologiyası” (Технология звукового монтажа в кинопроизводстве) adlı dərslik çoxkanallı səs formatlarında səsin redaktəsi üzərində işləmək məsələlərinə dair sistemli material təqdim edir. Kino sənətinə bağlı ixtisaslar üzrə təhsil alan tələblər üçün nəzərdə tutulmuş bu tədris nəşri səsləndirməklə yanaşı fonoqramların montajı ilə məşğul olan hər kəs üçün praktiki bələdçi kimi xidmət edə bilər.
Digər bir kitab Elena Anatolyevna Rusinovanın müəllifliyi ilə nəşr olunmuş “Kinematoqrafiya sahəsində səs” (Звук в пространстве кинематографа) adlı elmi əsərdir. Bu monoqrafiyada səs ifadə vasitəsi kimi filmin strukturunda araşdırılır. Kinematoqrafiyanın tarixindən, nəzəriyyəsindən və praktikasından nümunələrdən istifadə etməklə dünya bədii mədəniyyətinin inkişafı kontekstində səsin kinematoqrafiyada rolu və əhəmiyyəti ideyasının necə dəyişdiyi nümayiş etdirilir. Kitab kino nəzəriyyəçiləri və praktikləri, yaradıcılıq və humanitar sahələr üzrə ali təhsil müəssisələrinin tələbələri, kinonun nəzəri və tətbiqi problemləri ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Hər iki tədris ədəbiyyatı yaxından tanışlıq üçün “Kino-televiziya sənətləri” kafedranın professor-müəllim heyətinə təqdim olunub. Oxucular nəşrlərdən ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində istifadə edə bilər.