Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) nəzdində Humanitar Kollecdə Klassik gitara musiqisinə həsr olunmuş konsert keçirilib. Konsertdə ADMİU Musiqi sənəti fakültəsi, İnstrumental ifaçılıq kafedrasının gitara müəllimi Elmar Sultanovun bədii rəhbəri olduğu “Sehirli Simlər” ansamblı çıxış edib.
Tədbirin açılışında kollecin direktoru, dosent Nərmin Qaralova çıxış edərək qonaqları salamlayıb, Elmar Sultanovun pedaqoji və yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. Həmçinin, Azərbaycanda ali təhsil müəssisələri arasında Gitara ixtisasının yalnız ADMİU-da tədris olunduğunu da xüsusi ilə qeyd edib.
Daha sonra çıxış edən Elmar Sultanov gitara alətinin tarixindən bəhs edərək, əslində bu alətin akademik musiqi aləti olduğunu vurğulayıb və ifa olunacaq əsərlər haqqında məlumat verib.
2 hissəli konsertin I hissəsində trio gitara üçün işləmələr ifa olunub.
I kurs Magistr - Məmmədov Zaur, II kurs Bakalavr tələbəsi- Hüseynov Raul, I kurs Bakalavr tələbəsi- Vəlizadə Tunar ("Sehirli simlər" ansamblı): Jorj Bize - "Karmen" operasından "Antrakt" (Aragonaise), Emin Sabitoğlu - "Yağışdan sonra" kinofilmindən "Dayan, zaman, dayan!" mahnısı ,"Kuba rəqsi", Qara Qarayev - "Afrodita adası" tamaşasından "Afroditanın mahnısı", Zərb muğamı - "Heyratı", Zequinha de Abreu - "Tiko-Tiko" əsərlərin səsləndiriblər.
II hissədə isə I kurs Magistr -Məmmədov Zaur : İsaak Albeniz - "Asturias", Nikita Koşkin - "Parad", Agustin Barrios Mangore - "Vals No.3" Roland Dyens - "Tango", Luis Allan - "Alovlu ürək", Fikrət Əmirov - Fortepiano üçün "12 miniatür" silsiləsindən "4 miniatür": "Lirik rəqs", "Ovda", "Noktürn", "Tokkata" əsərlərini solo ifa edib.
Konsertin sonunda ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müdiri Cəmalə Nəsirova və Elmar müəllim gitara ifaçılığının Azərbaycanda daha da inkişaf edəcəyinə ümid etdiklərini söyləyərək belə konsertlərin gənc nəslin zövqünün formalaşmasında əhəmiyyətini vurğulayıblar.