Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin növbəti təlimi Bakı Mühəndislik Universitetində (BMU) keçirilib. Avropa Komissiyasının maliyyə dəstəyi ilə icra edilən layihəyə uyğun olaraq baş tutan təlimdə Təhsil Nazirliyinin və 16 tərəfdaş universitetin nümayəndələri iştirak ediblər. ADMİU-nu təlimdə prorektor Nigar Rüstəmova təmsil edib.
Tədbiri BMU-nun rektoru, professor Havar Məmmədov açaraq layihənin önəmindən danışıb, əsas hədəfin Azərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi olduğunu vurğulayıb.
Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor İbad Abbasov Rektorlar Konfransı vasitəsilə universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməyin vacibliyindən danışıb. O, xarici təcrübələrdən istifadə edərək Azərbaycanda Rektorlar Konfransının yaradılması istiqamətində görülən işlərdən bəhs edib.
Təhsil nazirinin müşaviri Nicat Məmmədli təşkil olunan təlimin əhəmiyyətini vurğulayıb, layihə çərçivəsində görülən bütün fəaliyyətlərin yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacağını bildirib.
Tədbirə onlayn formada qatılan Mərkəzi Oklahoma Universitetinin Transformativ Tədris və Təlimdə Mükəmməllik Mərkəzinin icraçı direktoru Jeff King “Transformativ tədris və öyrənmə” mövzusunda məruzə ilə çıxış edib.
Tədbir daha sonra təlimlə davam edib.
“Dəyişikliklərin idarə edilməsi - transformasiyalı tədris və öyrənmə” mövzusunda işini davam etdirən təlim Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA- Central and Eastern European Network of Quality Assurance Agencies in Higher Education) vitse prezidenti Olgun Çiçek tərəfindən aparılıb. Təlim zamanı ali təhsil müəssisələrində keyfiyyət təminatının tələbləri, təhsil proqramlarının beynəlmiləlləşdirilməsi, dərs proqramlarında keyfiyyət təminatı, beynəlxalq akkreditasiya və onun gələcək perspektivləri, modular akkreditasiya barədə ətraflı məlumat verilib və qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb.