“FİKRƏT ƏMİROV 100”
GƏNC PİANOÇULARIN RESPUBLİKA MÜSABİQƏSİ
“FİKRƏT ƏMİROV 100”
GƏNC PİANOÇULARIN RESPUBLİKA MÜSABİQƏSİ
30.12.2022
Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 illik yubileyi münasibəti ilə keçirilən silsilə tədbirlərdən biri də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkil etdiyi “Gənc pianoçuların Respublika Müsabiqəsi” idi. Rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar F.Əmirov mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirən bəstəkarın milli zəminə bağlı ecazkar musiqisi bu dəfə gənc pianoçuların ifasında dinlənmişdir. Kiçik və böyük yaş qruplarından olan pianoçuların iştirak etdiyi dörd günlük müsabiqənin proqramı bəstəkarın fortepiano əsərlərindən ibarət idi. Bədii rəhbəri xalq artisti professor Fərhad Bədəlbəyli olan müsabiqənin münsiflər heyyətinin sədri xalq artisti Murad Adıgözəlzadə, təşkilat komitəsinin sədri isə xalq artisti professor Yeganə Axundova idi. Festival xarakteri daşıyan müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının tələbələri, musiqi müəllimliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Sevinc Tağıyeva, instrumental ifaçılıq ixtisası üzrə təhsil alan I kurs tələbələri Ülviyyə Tağıyeva, Leyla İsgəndərova və Zəhra Cavadzadə uğurla çıxış etmişdilər. Kafedranın baş müəllimləri - Humay Mansurova, Leyla Aslanova və müəllim Səbinə Muradovanın tələbələr ilə keçirdikləri əzimsiz məşqlər və yüksək əmək də diqqətdən kənar qalmamışdır. F.Əmirov üslubuna xas olan lirik-romantikliyi və melodik gözəlliyi öz ifalarında yüksək səviyyədə əks etdirən pianoçu tələbələrimiz iştirakçı sertifikatları ilə təltif olunmuşdular. “Fikrət Əmirov 100” Gənc pianoçuların Respublika Müsabiqəsi, III yer laureatı Leyla İsgəndərova, “Fikrət Əmirov 100” Gənc pianoçuların Respublika Müsabiqəsi, Diplomant Zəhra Cavadzadə müsabiqə mükafatı adına layiq görülmüşdülər.
Müsabiqənin əhəmiyyətindən bəhs edən professor Yeganə Axundova sonda, bu kimi müsabiqələrin bəstəkarlarımızın yaradıcılıq irsinin təbliğində böyük rol oynadığını söylədi.