Dekabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsini ziyarət ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin layihə rəhbəri, “Sosial-mədəni fəaliyyət” kafedrasının müəllimi Ülkər Rzayeva və müəllim Günel İbrahimova sosial iş ixtisasında təhsil alan III və IV kurs tələbələri ilə “Musiqi sənəti” fakültəsinin Xalq çalğı alətləri və Aşıq sənəti ixtisaslarının III və IV kurs tələbələrin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmuş, ahıl şəxslər üçün yaradılmış xidmətlər haqqında məlumatlandırılmışlar.
“Ahıl şəxslər üçün Sosial xidmət” müəssisəsinin direktoru Mehtiyeva Samirə xanım müəssisədə qalan ahıl şəxslər haqqında informasiya verib, onların qidalanması, asudə vaxtlarının necə səmərəli keçirilməsi, problemlərinin həlli istiqamətində görülən tədbirlərdən bəhs edib. O qeyd edib ki, müəssisə dövlətimizin xüsusi qayğısı və diqqət mərkəzindədir. Direktor Samirə xanım həmçinin bildirib ki, son illər ölkəmizdə Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın dövlət himayəsində olan uşaqlara göstərdiyi qayğı, bu yaşlı insanlardan da yan keçməyib. Hazırda onların yaşadıqları Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsi ən müasir tələblərə uyğun təmir və bərpa edilməkdədir. Bu insanlara göstərilən diqqət ən yüksək səviyyədədir.
“Sosial rifahımız” layihəsi çərçivəsində baş tutan ikinci görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri və Aşıq sənəti ixtisaslarının III və IV kurs tələbələri tərəfindən ahıl şəxslər üçün konsert proqramı təqdim olunub.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Sosial iş ixtisasının 2,3 və 4-cü kurs tələbələri burada qalan ahıllarla yaxından tanış olub, onların yaşam şəraiti ilə maraqlanıblar. Ahıl şəxslər müəssisədə öz fəaliyyətləri və onlara göstərilən qayğı haqqında tələbələrə məlumat veriblər.
Qeyd edək ki, “Sosial rifahımız” layihəsi Sosial-mədəni fəaliyyət kafedrasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının (ADMİU TGT) təşkilatçılığı ilə tələbələrin sosial baxımdan həssas təbəqələrə aid şəxslərlə mütamadi görüş əsnasında rifahlarının yaxşılaşdırılması üçün vacib amillərin öyrənilməsi, həmçinin nəzəri biliklərinin praktikada tətbiqi məqsədilə həyata keçirilir.