Dekabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətiylə “İstiqlal şairi Əhməd Cavad” mövzusunda tədbir keçirilib. Tədbir Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd olunmasıyla bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında keçirilib.
Tədbiri giriş sözüylə açan ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva açaraq rektor Ceyran Mahmudovanın adından qonaqları salamlayıb və böyük şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat verib.
ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının müdiri, professor Fəridə Səfiyeva “Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram” mövzusunda məruzə edib.
Tədbirin qonaqları professorlar Himalay Qasımov, Asif Rüstəmli, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, dosent Lütviyyə Əsgərova, ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavad haqqında maraqlı faktları içtirakçıların nəzərinə çatdırıb.
Görkəmli ədibin nəticəsi Cavad Axundzadə valideynlərinin Əhməd Cavad və Şükriyyə xanım haqqında xatirələrini bölüşüb.
Tədbirin bədii hissəsində tələbələrin ifasında Ə.Cavadın şeirləri (Azərbaycan və ingilis dillərində) səsləndirilib, sözlərinə yazılmış mahnılar ifa edilib.