DR. EZGİ YAMAN-KENNEDY ADMİU-DA SOSİAL İŞ TƏLƏBƏLƏRİNƏ DƏRS KEÇİB
DR. EZGİ YAMAN-KENNEDY ADMİU-DA SOSİAL İŞ TƏLƏBƏLƏRİNƏ DƏRS KEÇİB
06.12.2022
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Sosial İş Məktəbinin əməkdaşlığı çərçivəsində Türkiyədən beynəlxalq sosial sosial iş üzrə mütəxəssis Dr. Ezgi Yaman-Kennedy sosial iş tələbələrinə dərs keçmək üçün Azərbaycana dəvət edilmişdir. Qeyd etmək istərdik ki, on ildən artıq olan iş təcrübəsində Dr. Yaman-Kennedy qısa müddət Türk Qızıl Aypara Cəmiyyətində çalışmış, daha sonra doqquz il Kocaeli Universitetinin Sosial İş Kafedrasında müəllim işləmişdir. Hazırda UNICEF Türkiyə və BMT-nin Əhali Fondunun Türkiyə üzrə məsləhətçisi kimi fəaliyyət göstərən Dr. Yaman-Kennedy bir çox yerli, milli və beynəlxalq təşkilatlara və qeyri-hökumət təşkilatlarına konsultasiyalar verməklə məşğul olur.
Səfər çərçivəsində Dr. Ezgi Yaman-Kennedy sosial iş tələbələrinə yeniyetmə və gənclərlə sosial iş, sosial işin etik prinsipləri və nəzəriyyələri, insan alveri qurbanları ilə sosial iş və digər mövzularda dərslər keçmiş, tələbələrə Türkiyədəki sosial xidmət müəssisələri haqqında məlumatlar vermişdir. Bundan əlavə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Miqrant və Qaçqınlarla sosial iş” mövzusunda açıq ictimai seminar təşkil olunmuşdur. Seminarda müxtəlif universitetlərdə təhsil alan 50-dən çox sosial iş tələbəsi iştirak etmişdir. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyevanın çıxışı ilə yekunlaşmışdır.