ADMİU-DA “HÜSEYN CAVİD VƏ DÜNYA ROMANTİZMİNDƏ ŞƏRQ-QƏRB TƏMASLARI” MÖVZUSUNDA BEYNƏLXALQ TƏDBİR TƏŞKİL OLUNUB
ADMİU-DA “HÜSEYN CAVİD VƏ DÜNYA ROMANTİZMİNDƏ ŞƏRQ-QƏRB TƏMASLARI” MÖVZUSUNDA BEYNƏLXALQ TƏDBİR TƏŞKİL OLUNUB
01.12.2022
Noyabr ayının 30-da ADMİU-da Azərbaycanın dahi dramaturqu, filosof-şair Hüseyn Cavidin 140 illik yubleyinə həsr olunmuş “Hüseyn Cavid və dünya romantizmində Şərq-Qərb təmasları” adlı beynəlxalq konfrans keçirilib. Konfransa Azərbaycan, Özbəkistan və Türkiyəli alim və tədqiqatçılar böyük ədibin zəngin həyat və yaradıcılığına həsr olunmuş məruzərlə qatılıblar. Tədbiri ADMİU-nun Beynəlxalq əlaqələr və tədris işləri üzrə prorektoru, professor Gülşən Əliyeva-Kəngərli açaraq əsrarəngiz romantik lirikası və fəlsəfi dram əsərləri ilə nəinki Azərbaycan, hətta bütün Şərq aləminə özünəməxsus bədii yaradıcılıq irsi bəxş etmiş H.Cavidin poetikası və dramaturgiyası haqqında məruzə ilə çıxış edib. İnsan ruhunun azadlığı uğrunda mübarizə Cavidin roman¬tik dramaturgiyasının estetik məramı kimi qiymətləndirilib. O, universitetin Kitabxana-İnformasiya Mərkəzinin hazırladığı “Hüseyn Cavid – 140” mövzusunda virtual ədəbiyyat sərgisini iştirakçıların diqqətinə təqdim edib. Sonra ADMİU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova konfrans iştirakçılarını salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Belə bir konfransın universitetdə təşkilini Hüseyn Cavid irsinin gənclər arasında təbliği baxımından yüksək qiymətləndirərək, bu gün aktuallığı ilə önə çıxan “Turançılıq” ideyasının möhkəmlənməsi baxımından Cavid əfəndinin əsərlərinin gənc nəslə aşılanmasının vacibliyini qeyd edib.
ADMİU-da təhsil alan tələbələrin fəal iştirak etdiyi konfransda Özbəkistanlı alimlər Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dil Ədəbiyyatı Universitetinin dosenti Gulbahor Ashurova və Özbəkistan Milli Universitetinin professoru Hamidullah Baltabayev, Türkiyəli tədqiqatçılar Balıkesir Universitetinin professoru Sebahattin Şimşir və Burdur Mehmet Akif Ersoy Universitetinin professoru Canan Olpak Koçun onlayn məruzələri maraqla dinlənilib. Tədbirdə Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları, dosent Əzizağa Nəcəfov və icraçı direktor Lalə Əliyeva dahi dramaturqun irsinin tədqiqi və təbliği sahəsində həyata keçirilən mühüm işlərdən bəhs edərək maraqlı məlumatları konfrans iştirakçıları ilə bölüşüblər. ADMİU-nun professoru, Xalq artisti Məmmədsəfa Qasımov konfransda çıxış edərək filosof-şair H.Cavid haqqında çəkilmiş bədii filmdə rol aldığı üçün qürur və fərəh hissi keçirdiyini vurğulayıb. Cavid kimi fenomenal bir şəxsiyyətin bəşəri dəyərləri özündə əks etdirən pyeslərinin səhnə həyatının həmişə aktual olacağını və onun yaratdığı obrazları ifa etməyin hər bir aktyor üçün şərəfli sənət nümunəsi kimi yadda qalacağını qeyd edib. Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova çıxış edərək elmi rəhbəri olduğu magistr Fidan Cəfərovanın nəşrə hazırladığı “Hüseyn Cavid. Yarasaların gözünü kor edən” kitabını iştirakçılara təqdim edib. Bu nəşrin dahi şairin bədii-fəlsəfi düşüncə tərzinin geniş təbliğində mühüm rol oynayacağına əminliyini ifadə edib. Konfrans öz işini müvafiq bölmələrdə davam edib.