Noyabr ayının 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi Şuranın uzun fasilədən sonra ənənəvi formatda növbəti iclası keçirilib. Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova şura üzvlərini iclasın gündəliyi ilə tanış edib. İclasda universitetin professor-müəllim heyətinin 2022-ci ildə elmi fəaliyyəti haqqında, 2022/2023-cü tədris ili üçün nəzəri ixtisaslar üzrə magistrantların mövzularının, elmi rəhbərlərinin təsdiqi və Kitabxana-İnformasiya Mərkəzinin illik hesabatı dinlənilib. Hesabatlar təqdim olunduqdan sonra cari məsələlər müzakirəsi aparılıb. İclasda “ADMİU 99+” layihəsi çərçivəsində “Sənətə aparan yol bizdən keçir” devizi ilə hazırlanaraq nəfis nüsxədə çap olunmuş 2 təqvimin təqdimatı keçirilib. Professor C.Mahmudova qeyd edib ki, ADMİU-nun 100 illik yubileyi münasibətilə tərtib edilmiş ilk təqvimdə universitetin Rəssamlıq fakültəsinin “Təsviri sənət” və “Dizayn və dekorativ tətbiqi sənət” kafedralarının professor-müəllim heyətinin son illərdə yaratdığı əsərlər təqdim olunur. Bildirilib ki, təqvimə daxil edilmiş Rəşad Cabarovun “Xarıbülbül”, “Söhbət” və “Xəyallar”, Həmzə Abdullayevin “Unudulmuş bağ” və “Abşeronda bahar”, Elçin Cabarov “Qərinə”, “Miniatür” və “Düşüncə”, Zöhrab Cabbarovun “İçərişəhər”, Vüqar Əlinin “Fəsli bahar” və “Sonuncu yarpaq”, Mirazər Abdullayev “Musiqi”, “Qalib” və “Arzular”, Gülnaz Mədətovanın “Söhbət”, Şəhla Abbasovanın “İçərişəhər” və “Dekorativ nar”, Sayalı Quliyevanın “Söhbət”, Mətin Şərifovun “Geişa”, Xanlar Əhmədovun “Hacı Zeynalabdin Tağıyev” və “Cəngavər”, Elşən Hacızadənin “Şuşam mənim”, Şahin Quliyevin “Emalatxanada”, Asim Bayramovun “Yürüş” və Samir Qafarovun “Dəmir yumruq” əsərləri insanın bədii estetik zövqünü zənginləşdirir. Digər təqvimdə isə Rəssamlıq fakültəsinin tələbələrinin son illərdə yaratdığı müxtəlif maraqlı mövzuları əhatə edən əsərlər öz əksini tapıb. Rektor ümidvar olduğunu vurğulayıb ki, 2023-cü il boyu masanın üstünü bəzəyəcək təqvimlər hərkəsə xoş ovqat bəxş edəcəkdir.