Fevralın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” adlı layihə çərçivəsində seminar keçirilib. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi seminarda Təhsil Nazirliyinin nümayəndələri, ADMİU-nun rəhbərliyi, magistr və doktorantları iştirak ediblər.
Tədbiri giriş sözüylə açan ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva universitetin gənclərlə iş istiqamətində fəaliyyətindən danışıb, bu cür seminarların önəmini vurğulayıb.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov çıxışında “Open Science” platforması haqqında məlumat verib. Bildirib ki, Open Science elmi tədqiqatların tamamilə şəffaf bir şəkildə aparılması praktikasını təşviq edir və elmi araşdırmaların nəticələrini hamıya çatdırır. Open Science-in məqsədi elmi tədqiqatları, məlumatları və onların yayılmasını cəmiyyətin bütün maraqlı tərəfləri-həvəskarlar və peşəkarlar üçün əlçatan olmasını təmin etməkdir.
Daha sonra ekspert Sevinc Əliyeva “Open Science” platformasıilə bağlı prezentasiya ilə çıxış edib. O, sözügedən platformanın konsepsiyaları, prinsipləri, həmçinin, Open Science praktikasını seminar iştirakçılarına daha yaxından tanıdıb.
Sonda təlimdə iştirak edən magistr və doktorantlara sertifikatlar verilib.