ADMİU-DA YAPON KİMONOSUNA DAİR USTAD DƏRSİ KEÇİRİLİB
ADMİU-DA YAPON KİMONOSUNA DAİR USTAD DƏRSİ KEÇİRİLİB
15.11.2022
Noyabrın 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən Yapon kimonosunun tarixi və xüsusiyyətləri haqqında ustad dərsi keçirilib. Tədbirin açılışında ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyalı Quliyeva, Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, o cümlədən Yaponiyanın ölkəmizdəki səfirliyinin birinci katibi Amada Şuniçi çıxış edərək, qədim yapon geyim ənənəsini ehtiva edən kimononun çoxəsrlik tarixindən, onun yapon xalqının həyatındakı mühüm rolundan bəhs ediblər.
Tədbirin açılışından sonra ilk olaraq İslam və türk incəsənət tarixçisi, “SOAC Art Consultancy & Curation” şirkətinin rəhbəri Dr. Sumiyo Okumura tərəfindən ADMİU-nun “Geyim dizaynı” ixtisası üzrə təhsil alan tələbələrinə “Kimono və kimono tarixi haqqında” mövzusunda türk dilində ustad dərsi keçirilib. Dərs əsnasında tələbələrə kimono və onun yaranma tarixi, kimononun növləri və xüsusiyyətləri haqqında geniş məlumat verilib. Daha sonra isə cənab Mika Şimojo tərəfindən kimono geyindirilməsi üzrə ustad dərsi keçirilib. Qeyd edək ki, ustad dərslərinin keçirilməsində məqsəd tələbələrə kimononun yapon xalqının həyatındakı rolu, onun yarandığı gündən dövrümüzədək hansı formada qorunub saxlanılması və ya hansı dəyişikliklərə məruz qalması haqqında məlumat vermək idi.
Tədbirin növbəti mərhələsində isə ADMİU-nun “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının baş müəllimi Nəzakət Səfərovanın rəhbərliyi ilə tələbə Məleykə Baxşıyevanın “Qarabağım məxmər içində” başlıqlı slaydı nümayiş etdirilib.