Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndə heyəti “QİTİS-ustad dərsi” MDB ölkələrinin V Beynəlxalq Teatr festivalında iştirak etmək üçün Moskva şəhərinə ezam olunub. Rusiya Dövlət Teatr İnstitutunun (QİTİS) 7-14 noyabr tarixlərində keçirdiyi “QİTİS-ustad dərsi” festivalında ADMİU-nun Teatr sənəti fakültəsinin dekanı Böyükxanım Talıbova, Dram teatrı və kino aktyoru kafedrasının müəllimi Ruslan İsmayılov, səs rejissoru Səbinə Rzayeva, eləcə də Teatr sənəti fakültəsinin I, III və IV kurs tələbələri iştirak edir. Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan və Ermənistanın teatr məktəblərinin iştirak etdiyi festivalda ADMİU-nun kollektivi ölkəmizi Ruslan İsmayılovun quruluş verdiyi “Jorj Danden, yaxud aldadılmış ər” tamaşası ilə təmsil edir. Jan Batist Molyerin pyesi əsasında hazırlanmış tamaşada ADMİU-nun Teatr sənəti fakültəsinin tələbələri Fərid Hüseynov, Amil Məhərrəmov, Hüseyn Muradzadə, Məmməd Rəfiyev, Samir Əliyev, Sertab Salmanlı, Esmər Əlixanova və Fidan Ağaverdiyeva çıxış edirlər.
8 noyabr tarixində yerli vaxtla saat 18.00-da Tədris teatrının səhnəsində nümayiş olunan “Jorj Danden, yaxud aldadılmış ər” tamaşasında münsiflər heyəti, festival iştirakçıları, Moskvanın teatr ictimaiyyəti ilə yanaşı, Azərbaycanın Rusiyada Federasiyasındakı Səfirliyinin nümayəndələri də iştirak edib.
Festival çərçivəsində tələbələr üçün “Aktyor sənəti”, “Səhnə danışığı”, “Səhnə hərəkəti” fənləri üzrə ustad dərsləri və Moskva Bədaye Teatrının muzeyinə, Stanislavski muzeyinə ekskursiyalar təşkil ediləcək. Bununla yanaşı, professor-müəllim heyətinin təcrübə mübadiləsi baş tutacaq.