20-28 avqust tarixlərində Çexiyanın Praqa şəhərində dünyanın müxtəlif ölkələrindən 4500-dən artıq muzey mütəxəssisinin iştirakı ilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) “Muzeylərin gücü” devizi altında 26-cı Baş Konfransı keçirilib. Hər üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini müvafiq mövzu ətrafında fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Tədbirdə ölkəmiz ICOM Azərbaycan Milli Komitəsinin üzvləri - Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunu müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, İçərişəhər Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Məlikova-Qurbanova, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü, sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və digər mədəniyyət müəssisələrindən olan böyük nümayəndə heyəti ilə təmsil olunub.
Hər bir nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) müvafiq sahə üzrə üzv olduqları komitələrdə iştirak və təqdimatlarla çıxış edib.
Konfransda ADMİU-nun dosenti Elfira Məlikova-Qurbanovanın həmmüəllifliyi ilə hazırlanmış “Qadağan olunmuş muzey təcrübəsinin nəzəri konseptuallaşdırılması: problemlər və tabuların qurulmasının əsas metodu kimi” adlı məruzə də təqdim olunub.
Konfrans zamanı müasir çağırışlara cavab verən yeni muzey tərifi də konfrans iştirakçılarına və beynəlxalq muzey ictimaiyyətinə təqdim edilib: “Muzey - maddi və qeyri-maddi irsi tədqiq edən, toplayan, mühafizə edən, şərh və nümayiş etdirən, daim cəmiyyətin xidmətində fəaliyyət göstərən qeyri-kommersiya qurumudur. İctimaiyyət üçün açıq, əlçatan və inklüziv muzeylər müxtəlifliyi və davamlılığı təşviq edir. Onlar təhsil, əyləncə, düşüncə və bilik mübadiləsi üçün müxtəlif təcrübələr təklif edərək etik, peşəkar və icmaların iştirakı ilə fəaliyyət göstərir”.
Qeyd edək ki, ICOM-un 2025-ci ildə keçiriləcək növbəti Baş Konfransına Dubay şəhəri ev sahibliyi edəcək.