Sentyabrın 26-da Atəşgah Dövlət Tarixi-Memarlıq Qoruğunda Ümumdünya Turizm Gününə həsr edilmiş, Azərbaycanın memarlıq irsinin təbliği məqsədini daşıyan interaktiv sərgi keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə birgə təşkil olunan layihə çərçivəsində Qoruqda Universitetin Rəssamlıq fakültəsinin tələbələrinin qobelen texnikasında yaradılan əsərləri milli memarlığımızın inciləri - Qız qalası, Atəşgah məbədi, Şirvanşahlar sarayı qonaqlara təqdim olunub. Ziyarətçilərdə xüsusi maraq doğuran Qarabağ abidələri, Ağdam Cümə məscidi haqqında ətraflı məlumatlar verilib. Gün ərzində davam edən sərgidə Fakültənin bakalavr və magistr tələbələri Elnur Şahverdiyev, Fidan Cəfərova və Nərmin Hüseynova interaktiv formatda çalışaraq, Azərbaycan və regionun nadir abidəsi – Atəşgah məbədinin fərqli rakurslarda təsvirlərini yaradıblar.
Layihənin açılışında çıxış edən Atəşgah Dövlət Tarixi-Memarlıq Qoruğunun direktoru Rəşid Babai tələbələrin muzeylərə cəlb edilməsinin zərurətini, ADMİU-nun rektor müşaviri Sevil Kərimova isə layihənin davamlı olmasını vurğulayıblar. Sərgidə Dövlət Turizm Agentliyinin İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinin müdiri Mehriban Hüseynova, Qoruqların İdarəedilməsi Mərkəzinin hüquq sektorunun müdiri Kəmalə Hüseynova, Suraxanı rayon icra hakimuyyətinin nümayindələri iştirak ediblər. Tədbirin sonunda ADMİU-nun tələbələrinə sertifikatlar təqdim olunub.