Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr-Vətən müharibəmizin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bu günün önəm və dəyərindən bəhs edib. Qeyd edib ki, Vətən müharibəsində ADMİU-nun 50-dən çox nümayəndəsi iştirak edib və şərəflə döyüşüb. Onlar arasında əməkdaşlar, tələbələr və məzunlar var. Universitetin üç məzunu şəhidlik zirvəsinə ucalıb: “Universitetimiz həm Vətən müharibəsində, həm də sonrakı dövrdə hər zaman şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarımıza diqqətini əsirgəməyib. Biz onların hər biriylə fəxr edir, şəhidlərimizi hər zaman ehtiramla anırıq. Təkcə, 27 sentyabr günü deyil, hər zaman onları yad edir, xatirələrini əbədi qəlbimizdə yaşadırıq. Eləcə də Vətən müharibəsi iştirakçılarımız, qazilərimiz bizim qürur yerimizdir. Bu universitet onların evi, doğma ocağıdır və qapılarımız daim onların üzünə açıqdır. Biz hər zaman onların yanındayıq. Ümid edirik ki, qısa zamanda ölkəmizin başı üstündəki qara buludlar çəkiləcək, torpaqlarımızda sülh bərqərar olacq. Şübhə etmirik ki, Dövlət başçımızın müdrik rəhbərliyiylə biz bu sülhə nail olacağıq”.
Tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı çıxışında bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının birliyinin təcəssümüdür: “Bu qələbəylə bir daha sübut olundu ki, xalqımız vətənpərvər, yenilməz xalqıdır. Biz torpaqlarımızın düşmən tapdağında olmasıyla heç zaman barışmadıq və nəhayət, qələbəyə nail olduq. Müharibədə bütün xalqımız iştirak edirdi. Doğrudur, bu qələbə bizə şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına başa gəldi. Ancaq onlar da məhz müqəddəs amal uğrunda bu yolda getdilər. Həm öz adlarını, həm də xalqımızın adını tarixə yazdılar”.
ADMİU-nun kafedra müdiri, Əməkdar İncəsənət xadimi Əli Əmirli 44 gün ərzində davam edən müharibənin sonunda qazanılan qələbənin Azərbaycan xalqına yaşatdığı sevincdən danışıb: “Birlik olan yerdə dirilik var. Bu gün anım günü olsa da, bu, Azərbaycan xalqının ən şanlı səhifələrindən biridir. Biz 44 günlük müharibə nəticəsində elə torpaqlarımızı azad etdik ki, onların itirilməsi bizim qəddimizi əymişdi. Biz başqa millətlərin gözünə dik baxa bilmirdik. Bu gün isə biz qüdrətli ölkə kimi bütün dünyada tanındıq. Biz uzun illərdən sonra, tariximizdə ilk dəfə qələbənin dadını bildik, itirdiyimiz torpaqları geri qaytarmağı bacardıq. Bu, Azərbaycan əsgərinin qələbəsidir”.
ADMİU-nun kafedra müdiri, Əməkdar artist Azad Şükürov çıxışında bildirib ki, bu müharibə xalq-ordu-komandan birliyinin ən gözəl nümunəsi idi: “Müharibə boyunca dəfələrlə cəbhə xəttində əsgərlərimizlə görüşdüm. Mən onların gözlərindəki qələbə əzmini, düşmənə nifrəti, vətənə sonsuz məhəbbəti görürdüm. Bu, o gənclər idi ki, yeri gəlsə, vaxtilə biz onları bəyənmir, vətənpərvərlik hisslərindən uzaq hesab edirdik. Ancaq məhz o gənclər bizə vətəni sevməyin, qorumağın nə olduğunu göstərdilər. Mən hər biriylə fəxr edir, qarşılarında baş əyirəm”.
Daha sonra söz ADMİU-nun Vətən müharibəsi iştirakçılarına verilib. Vətən müharibəsi qazisi, ADMİU-nun Mülki-müdafiə Qərargahının mütəxəssisi Arif Hüseyn, qazi teatrşünas Dağlar Yusifov və başqaları çıxış edərək müharibə xatirələrini bölüşüblər.
Sonda çıxış edən ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əhmədov günün önəmindən danışıb və universitet adından mükafatları qazilərə təqdim edib.