Sentyabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2022-2023-cü tədris ilində ilk Elmi Şura iclası keçirilib.
İclası giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova müəllimləri yeni dərs ili münasibətiylə təbrik edərək bu ilin universitet üçün əhəmiyyətindən danışıb. Qeyd edib ki, 2023-cü ildə ADMİU-nun 100 illik yubileyi qeyd ediləcək.
Rektor bu il yubileyini qeyd edən müəllimləri- professor Sevda Teymurova, ADMİU-nun dosenti, Əməkdar artist Yaqut Abdullayeva, müəllim Dilarə Hüseynovanı kollektiv adından təbrik edib, onlara can sağlığı, uzun ömür, yeni uğurlar arzu edib.
C.Mahmudova 100 illik yubiley ərəfəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin universitetlə bağlı qərarının ali məktəb üçün həm sevincli, həm də məsuliyyətli olduğunu bildirib. Sonra rektor Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmə yolu ilə yenidən təşkili ilə bağlı qərarına əsasən 2022-2023-cü tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr haqqında məlumat verib.
İclasın davamında Universitetdə struktur dəyişiklikləri aparılması haqqında danışılıb, yeni yaradılan Keyfiyyət təminatı və strateji planlama departamenti müdiri N.Əsədov prezentasiya ilə çıxış edib.
Həmçinin, elmi şura iclasında yeni tədris ilinə hazırlığın vəziyyəti və dərs yüklərinin təsdiqi, 2022-2023-cü tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun, yay semestrinin, ADMİU-da fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri, eləcə də cari məsələlər müzakirə edilib.