Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2 Fevral Gənclər Günü münasibətiylə Rəssamlıq fakültəsi Təsviri Sənət Müəllimi ixtisası tələbələrinin işlərindən ibarət “Mənim şəhərim” adlı kollaj sərgisi keçirilib. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova dövlətin uğurlu gənclər siyasətindən söz açıb, zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Gənclər Gününün gənclərə diqqət və qayğının bariz nümunəsi olduğunu deyib. Gəncləri bayram münasibətiylə təbrik edən rektor onlara şəxsi həyatlarında, təhsillərində daha böyük uğurlar arzu edib.
Rəssamlıq fakültəsinin “Dizayn və Dekorativ-Tətbiqi Sənət” kafedrasının Baş Müəllimi, Əməkdar rəssam Vüqar Əli çıxış edərək sərgi haqqında tədbir iştirakçılarına məlumat verib.
ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli, ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Cavid Əhmədov və Təsviri Sənət Müəllimi ixtisası üzrə təhsil alan tələbə Maqsudova Səbinə çıxış edərək gəncləri 2 Fevral Gənclər Günü münasibətiylə təbrik edib, ADMİU tələbələrinə hər zaman öz istedadlarını və yaradıcılıqlarını daha geniş sərgiləmək şəraiti yaratdıqlarına görə rəhbərliyə təşəkkür ediblər.
Tədbirdə THİK və ADMİU-nun Beynəlxalq Əlaqələr şöbəsi tərəfindən 2 Fevral Gənclər Günü münasibətiylə müxtəlif fakültələr üzrə fərqlənən, uğurlu tələbələr diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Həmçinin, “Mənim şəhərim” sərgisində əsərləri nümayiş olunan tələbələr də rəhbərlik tərəfindən “Təşəkkürnamə”lərə layiq görülüblər.
Sonda tədbir iştirakçıları sərgiylə tanış olublar.