İyulun 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Məzun günü" keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər, eləcə də Vətən müharibəsində iştirak etmiş qazi tələbə və məzunlar iştirak ediblər.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Rəsmi hissəsinin açılışını edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bütün məzunları bu münasibətlə təbrik edib, universitetdənkənar həyatlarında da uğurlar və müvəffəqiyyətlər arzulayıb. Bu ilki məzunların tələbəlik dövrünün çox əlamətdar bir hadisəyə- Qarabağ qələbəsiylə nəticələnən 44 günlük Vətən savaşına təsadüf etdiyini deyən xanım rektor onların məzuniyyətinin də universitet üçün önəmli zamanda olduğunu qeyd edib. Belə ki, Azərbaycanın ilk yaradıcılıq yönümlü ali təhsil ocaqlarından biri olan ADMİU-nun 2023-cü ildə 100 illik yubileyini qeyd edəcəyini, bu il isə Məzun gününün "99+" layihəsi çərçivəsində keçirildiyini deyib. Həmçinin, rektor bu ilki məzunların universitetin yubiley ilində keçiriləcək tədbirlərdə də fəal iştirak edəcəklərinə inandığını bildirib.
Tədbirdə qeyd edilib ki, bu il ADMİU-dan Teatr sənəti, Kultrologiya, Kino və Televiziya, Musiqi sənəti, Rəssamlıq fakültələri və SABAH qruplarından olmaqla ümumilikdə 500-dən çox tələbə məzun adını qazanıb.
Məzunlar adından Rəssamlıq fakültəsinin tələbəsi Fidan Hüseynova çıxış edərək öz hisslərini bölüşüb, universitet rəhbərliyi və professor-müəllim heyətinə təşəkkürlərini çatdırıb.
Daha sonra fakültələr üzrə məzunlar səhnəyə dəvət olunublar. Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, Kulturologiya fakültəsinin dekanı Vasif Adilov, Kino və Televiziya fakültəsinin dekanı Elnur Mehdiyev, Teatr sənəti fakültəsinin dekanı Ellada Hüseynova, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova, SABAH qruplarının rəhbəri Bella Talıbova, Xalq artisti, professor İlham Namiq Kamal və başqaları çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu ediblər.
Sonra ADMİU-nun Məzun günlərinin ənənəvi Bayraq təqdimetmə mərasimi keçirilib. Məzun tələbə ADMİU-nun bayrağını 1-ci kurs tələbəsinə təqdim edib, onlara təhsil illərində uğurlar arzu edib.
Coşğulu Qraduasiya mərasimindən sonra Məzun gününün rəsmi hissəsi sona yetib.
Bədii hissədə Teatr sənəti fakültəsinin tələbələri italyan rəqsi "Tarantella" ilə, Mustafa Aşurovun drijorluğu ilə ADMİU-nun Xalq Çalğı Alətləri Orkestri, universitetin istedadlı tələbə və məzunları-Yusif Cəfərbəyli, Səbinə Quluzadə, Şəhanə Rzayeva, Rəvan Qaçayev, Leyla İdrisova, Yaşar Yusubov, Mütəllim Mütəllimov, Xasay Şıxıyev, "Baku Band" qrupu, Zülfü Əsədzadə, Azad Şabanov, Leyla Ramazanlı və başqaları şən musiqi nömrələriylə çıxış ediblər.