İyunun 17-də Qara Dəniz Universitetləri Şəbəkəsinin rəhbərliyi və ayrı-ayrı ölkələrdəki bir sıra nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olublar. İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda iştirak etmək üçün paytaxtımıza təşrif buyuran qonaqlar ADMİU-da “Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində təsviri incəsənətinin rolu” adlı seminar keçiriblər.
Seminardan öncə qonaqlar ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ilə görüşüblər. Görüşdə qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparılıb, qonaqlar universitetin tarixi və fəaliyyətilə yaxından tanış olublar.
Eden Mamut (Qara Dəniz Universitetləri Şəbəkəsi, Rumıniya), Nikolaos Teodossio (Saloniki Aristotel Universiteti, Yunanıstan), Qriqoris Zarotiadis (Saloniki Aristotel Universiteti, Yunanıstan), Anastas Georgiev (Sofiya Universiteti, Bolqarıstan), Sergiy Byelikov (Zaporojya Milli Texniki Universitetinin keçmiş rektoru, indiki prezidenti, Ukrayna), Andrija Erac (Davamlı İnkişaf Həlləri Şəbəkəsinin meneceri, Fransa), Michael Christides (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin keçmiş Baş katibi) təmsil etdikləri qurumlar və təhsil müəssisələri haqqında geniş məlumat veriblər.
Görüşdə ADMİU-nun rektoru Ceyran Mahmudova ilə Ukraynanın Zaporojya Milli Texniki Universitetinin prezidenti Sergiy Byelikov universitetlərin qarşılıqlı əməkdaşlığı haqqında müqavilə imzalayıblar.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.
Sonra Qara Dəniz Universitetləri Şəbəkəsinin rəhbəri Eden Mamutun moderatorluğu ilə Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində təsviri incəsənətinin rolu” seminarı baş tutub.
Sonda qonaqlar ADMİU tələbələrinin ifasında Şekspirin “Maqbet” tamaşasından fraqment izləyiblər.