ADMİU-NUN BİR SIRA TƏLƏBƏLƏRİNƏ SERTİFİKATLAR TƏQDİM OLUNUB
ADMİU-NUN BİR SIRA TƏLƏBƏLƏRİNƏ SERTİFİKATLAR TƏQDİM OLUNUB
06.06.2022
İyunun 3-də Beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumunda iştirak edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) müəllimləri və tələbələri rektor Ceyran Mahmudova tərəfindən sertifikatlarla təltif olunublar. Təltifetmə mərasimində çıxış edən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fazil Xəlilli universitetin simpoziumdakı çıxışını yüksək qiymətləndirib və rektor başda olmaqla, bütün kollektivə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, 2022-ci il “Şuşa ili”nə həsr edilən Beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumu 17-19 may tarixlərində Ağdam rayonu Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, ADMİU, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti və Ağdam rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdi.
Simpoziumun bədii hissəsi ADMİU-nun müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli tərəfindən hazırlanıb. Bədii hissədə Universitetin Rəssamlıq, Teatr sənəti, Musiqi sənəti fakültələrinin tələbələri müxtəlif yaradıcılıq nümunələriylə çıxış ediblər.