Mayın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Mədəni tərəqqinin üfüqləri” adlı tələbə elmi-praktiki konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan Kulturologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vasif Adilov bildirib ki, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə “Şuşa İli” ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən, il ərzində ölkəmizdə, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Bu mötəbər hadisə ADMİU-nun qarşısında da müəyyən öhdəliklər və ciddi vəzifələr qoyur. Bu baxımdan belə silsilə tədbirlərin keçirilməsinin çox böyük tarixi əhəmiyyəti var.
Sonra çıxış üçün söz “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişova verilib. O, ilk olaraq ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın konfrans iştirakçılarına ünvanladığı salamını diqqətə çatdırıb və bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini və yüksək mədəni-mənəvi dəyərini bir daha tələbələrin diqqətinə çatdırmaq və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik, mübarizlik hisslərinin formalaşmasında yaxından iştirak etməkdir.
Çıxış edənlər-“Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının professoru, kulturologiya üzrə elmlər doktoru İlqar Hüseynov, “Muzeyşünaslıq” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova, “Sosial-siyasi elmlər” kafedrasının müdiri, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu vurğulayıb, konfransın işində tələbələrə uğurlar arzulayıblar.
Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib. Tələbələrin müxtəlif mövzularda nümayiş etdirdiyi təqdimatlar konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.