19-21 may tarixlərində Gəncə şəhərində SABAH İncəsənət Festivalı keçirilib. Artıq üç ildir ki, baş tutan Festivalın əsas məqsədi SABAH qrupları layihəsinin incəsənət yönümlü baza ali təhsil müəssisələrində (BMA, ADRA, ADMİU, AzMİU) tələbələrin nailiyyətlərini əyani nümayiş etdirmək, ölkə gəncliyi arasında təhsilə və yaradıcılığa həvəsi artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etməkdir.
Tədbirdə Gəncə şəhər İcra hakiminin müavini Adil Tağıyev, SABAH İcra komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev, müvafiq ali təhsil müəssisələrinin prorektorları, Gəncə şəhər ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Festival çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, pantomima səhnələri nümayişi olunub. Tədbir ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə A.N.Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanmış “Tufan” tamaşası ilə yekunlaşıb.
Festival Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər İcra Hakimiyyətinin xüsusi dəstəyi ilə həyata keçirilib.