Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova və Elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar Mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı seminarda iştirak ediblər.
Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya İnstitutu (KTH) ev sahibliyi edib.
16-20 may tarixlərini əhatə edən tədbirə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli, ölkəmizin 15 ali təhsil ocağının rəhbər şəxsləri qatılıblar.
Bakı Biznes Universitetinin koordinatoru, ADMİU-nun tərəfdaşı olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində təşkil olunan tədbirin yekun iclasında ADMİU-nun rektoru, professor Ceyran Mahmudova çıxış edərək seminar və təlimlər haqqında öz müsbət fikirlərini bölüşüb. O, bu layihənin Azərbaycan universitetləri üçün faydasından bəhs edib və rəhbərlik etdiyi universitetin layihənin bütün tədbirlərində fəal şəkildə təmsil olunduğunu vurğulayıb: “Düşünürəm ki, bu layihə bizim təhsilimizin inkişafı və Avropaya inteqrasiyası üçün çox vacib olan bir layihədir. İnanıram ki, biz layihənin qarşısına qoyulan ilkin məqsədlərə nail ola biləcəyik”. Xanım rektor tədbirin təşkilatçılarına və seminarda iştirak edən Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədlinin vasitəsiylə nazirliyə öz təşəkkürünü bildirib və təhsilin inkişafı üçün gördüyü işləri dəstəklədiyini bildirib.
Tədbirdə çıxış edən Təhsil nazirinin müşaviri Nicat Məmmədli layihəni dəstəkləyən bütün universitetlərin rəhbərliklərinə öz təşəkkürünü bildirib və bu cür seminarların, təlimlərin davamlı olacağına inandığını deyib.
Sonda “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı seminarın iştirakçılarına sertifikatlar təqdim olunub.