Kitabxana-İnformasiya Mərkəzinə “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı yeni nəşrin ikinci sayı hədiyyə olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən “Qafqaz Albaniyasını öyrənirik” layihəsi əsasında hazırlanan, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan nəşrdə Qafqaz Albaniyasını tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq və incəsənət aspektindən tədqiq edən məqalələr toplanıb. Rusiya, Polşa, Türkiyə, Norveç, İtaliya, Yaponiya və Azərbaycandan olan ümumilikdə 26 alimin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsini sahiblənməsi faktlarına da aydınlıq gətirilib. Nəşrin bu sayına daxil olan məqalələr əsaslı tədqiqatın və dərin təhlilin nəticəsi kimi diqqəti cəlb edir. Şübhəsiz ki, toplunun Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də nəşri Qafqaz Albaniyası həqiqətlərini beynəlxalq səviyyədə təqdim etmək imkanını artıracaqdır.
“Qafqaz Albaniyasının etno-mədəni irsi” məqalələr toplusunun ikinci sayının ideya müəllifi, elmi məsləhətçisi, ön söz müəllifi və baş redaktoru BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorları AMEA-nın müxbir üzvü professor Fəridə Məmmədova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Ülviyyə Hacıyevadır.
Məqalələr toplusu ADMİU-da “Multikulturalizm” fənninin tədrisi prosesində dəyərli mənbə kimi professor-müəllim heyəti və tələbələr tərəfindən istifadə oluna bilər. Onu da vurğulayaq ki, albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, alban etno-mədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.