KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN FONDUNA YENİ BƏDİİ ƏDƏBİYYAT ALINMIŞDIR

Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamına əsasən nəşr edilmiş yeni ədəbiyyatın ölkənin bütün kitabxana şəbəkəsinə paylanılması davam etdirilir. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin fonduna Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsindən “Dünya ədəbiyyatı kitabxanası” seriyasından 37 adda hər birindən 20 nüsxə olmaqla 740 kitab alınmışdır.
Prezidentin sərəncamına əsasən nəfis tərtibatla hazırlanmış və kütləvi tirajla nəşr edilmiş 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından olan ədəbiyyatın müəyyən bir hissəsini təşkil edən bu kitablar kitabxana-biblioqrafiya qaydalarına uyğun olaraq elektron formada komplektləşdirmə və kataloqlaşdırma prosesindən keçirilərək oxucuların istifadəsinə verilmişdir. Universitetin müəllim və tələbə heyətinin səmərəli istifadəsini təmin etmək məqsədilə kitablar yeni daxil olan ədəbiyyat sərgisində nümayiş olunur. Burada qədim dövr, orta əsrlər intibah dövrü və müasir dünya ədəbiyyatından nümunələr öz əksini tapmışdır. Amerika, Avropa, Uzaq Şərq, Ərəb və Türk xalqlarının bədii irsini özündə əks etdirən kitabların oxucuların dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etməkdə xüsusi əhəmiyyəti vardır. Universitetdə təhsil alan gənc nəslin latın qrafikaslı ilə çap olunmuş bədii ədəbiyyata ehtiyacının ödənilməsində yeni daxil olan kitabların mühüm rolu olacaqdır.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.