KİTABXANA-İNFORMASİYA MƏRKƏZİ ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, PROFESSOR AYDIN DADAŞOVUN XATİRƏSINƏ HƏSR OLUNMUŞ ƏDƏBİYYAT SƏRGİSİ TƏŞKİL ETMİŞDİR

23 may 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektor, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevanın, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Azərbaycanın görkəmli kinoşünas-alimi, kinodramaturq, rejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun həyat və yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir zamanı universitetin Kitabxana-informasiya Mərkəzi kinoşünas-alimin fondda saxlanılan çoxsaylı kitablarından ibarət geniş ədəbiyyat sərgisi təşkil etmişdir. Qeyd edək ki, görkəmli incəsənət xadimi A.Dadaşov indiyədək 61 kino və filmin ssenaristi, rejissoru, 70-dən çox kitabın və 500-dən çox məqalənin müəllifi olaraq zəngin yaradıcılıq irsi yaratmışdır ki, sərgidə alimin çoxyönlü elmi zəhmətinin bəhrəsi olan “Gerçəkliyin astanasında”, “Ekran dramaturgiyası”, “Ekran publisistikası”, “Ssenari yaradıcılığı”, “Madaqaskar”, “Məhəmməd Həsən Hacınski”, “Dramaturgiya”, “Müstəqillik dövrünün dramaturgiyası”, “Rejissor Arif Babayev”, “İslam və demokratiya”, “Folklorumuzun ilk doktoru (Məmmədhüseyn Təhmasib)”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Teatr-kino problemləri”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “Qarabəy Qarabəyovun mühiti və idealları”, “İran kinosunun inkişaf təmayülləri”, “Müasir Azərbaycan dramaturgiyası”, “Rejissor Cənnət Səlimova”, “Azərbaycan kinosu”, “Dünya kinosu örnəklər kontekstində” və s. kitabları nümayiş etdirilmişdir. Tədbirdə professor Aydın Dadaşovun vaxtsız ölümündən kədərləndiklərini bildirən natiqlərin alimin tədqiqatçılıq, pedaqoqluq və jurnalistlik fəaliyyəti haqqında geniş məruzələri dinlənilmişdir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.